TƏHSİL

08 Sentyabr

Azərbaycanda daha bir təqaüd proqramı elan edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edib.

Bu barədə Fins.az-a Nazirlikdən məlumat verilib.

Məlumata görə, layihənin məqsədi İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdəki mövcud çatışmazlıqları aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə verməkdir.

Təqaüd proqramından informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn və s.) üzrə bilik və bacarıqlarını artırmaq və peşə sahibi olmaq istəyən, eyni zamanda bu bilik və bacarıqları tətbiq etmək üçün şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan (sahibkarlıq, kommunikasiya, danışıqlar və s.) 6-11-ci sinif şagirdləri, tələbələr və ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs yararlana biləcək. Oktyabr ayından kurslara başlayacaq iştirakçıların təhsil haqlarını nazirlik ödəyəcək.

Proqram dövlət-özəl tərəfdaşlığı əsasında NRYTN-in “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi çərçivəsində keçiriləcək.

Bununla yanaşı, layihədə “Tech Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi və “İKT LAB” Tətbiq və Tədris Mərkəzi təhsil tərəfdaşları və Gənclər Fondu kommunikasiya tərəfdaşı kimi iştirak edir.

Təqaüd proqramında iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Bunun üçün LİNKƏ daxil olaraq müvafiq formanı doldurmaq lazımdır.

Proqramda yerlər məhdud saydadır. Bu səbəbdən namizədlərə qeydiyyatdan keçmək üçün tələsmək tövsiyə olunur.