BİZNES

25 Aprel

Dövlət Vergi Xidməti ilə SOCAR arasında memorandum imzalanıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında təlim və inkişaf sahəsi üzrə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Fins.az xəbər verir ki, sənəd hər iki dövlət qurumunun intensiv əməkdaşlıq münasibəti qurmaqla əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsini nəzərdə tutur. Memorandum tərəflərin birgə və ya SOCAR-a aid müxtəlif mövzularda keçirilməsi nəzərdə tutulan təlim və inkişaf tədbirlərinin DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkilini, qurumların əməkdaşlarının qarşılıqlı təlimlərdə iştirakını, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) müvafiq infrastrukturunun DVX tərəfindən istifadəsini və TTSİ təlimlərində DVX əməkdaşlarının müvafiq şərtlərlə iştirakını, elektron təlim materiallarının qarşılıqlı mübadiləsini və digər məsələləri əhatə edir.

Əməkdaşlıq haqqında Memorandumu DVX-nın rəis müavini Samirə Musayeva və SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva imzalayıblar.

Tədbirdə çıxış edən Ziba Mustafayeva, Samirə Musayeva, SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, DVX rəisinin müşaviri Sərxan Həşimov, DVX İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindən danışıb və kommunikasiyanın qurulmasından məmnunluq ifadə ediblər.

Qeyd edək ki, əməkdaşlığın uzun müddət davam etdirilməsi və gələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.

Fuad Mədətov
Fins.az