BİZNES

02 May

Bu günədək 6 minə yaxın qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir. Bu günədək 384 qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanına uyğun olaraq, 2023-cü il iyunun 1-dək tikilən qeyri-yaşayış sahələrinin sahiblərinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mülkiyyət sənədlərinin təqdim olunması davam etdirilır.

Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bu günədək 5 929 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib, 384 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin olunub. Mülkiyyət sənədlərini - qeyri-yaşayış binalarına dair çıxarışı və texniki pasportu əldə edənlər arasında paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sahibkarlar da vardır.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına əlavə imkanlar açır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.

Fuad Mədətov
Fins.az