AQRO

25 Aprel

Rusiya buğda ixracı rekordunu yeniləyə bilər

Bu ilin aprel ayında Rusiya Federasiyası bu ay üçün rekord 4,6 milyon ton buğda ixrac edə bilər. Bu da bir il əvvəlki eyni ayın nəticəsini (4,4 milyon ton) və aprel ayının orta göstəricisini (2,5 milyon ton) üstələyəcək.

Fins.az xəbər verir ki, bu proqnoz aprelin 24-də SovEkon analitikləri tərəfindən açıqlanıb.

“Rusiya yüksək rəqabət qabiliyyəti fonunda rekord sürətlə buğda ixrac edir. Ötən həftə Rusiya taxılının tonu 211 dollara (FOB), fransız taxılının tonu 220 dollara başa gəlib. İki ay əvvəl Rusiya və Fransa buğdası eyni qiymətə - hər ton üçün 227 dollara (FOB) təklif edilirdi”, - hesabatda qeyd olunur.

Analitiklər həmçinin qeyd ediblər ki, son bir həftə ərzində Avropa fond qiymətlərində kəskin sıçrayış fonunda Rusiya buğdasının rəqabət qabiliyyəti arta bilərdi. Belə ki, aprelin 22-də MATIF üzrə Fransa buğdası üçün may müqaviləsi bir ton üçün 230 dollar səviyyəsində bağlanıb ki, bu da əvvəlki həftədən 6% çoxdur.

Həmçinin, taxıl ixracının tempinə aprelin 1-də daxili yük daşımaları üçün əsas olan Volqa-Don kanalında açılmış daxili naviqasiyanın mövsümi bərpası müsbət təsir göstərə bilər.

Günel Məlikzadə
Fins.az