SƏNAYE

25 Mart

Qaz ehtiyatları ən azı 100 ilə kifayət edər

Müstəqilliyin təminatının əsas sütunlarından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müstəqilliyini möhkəmləndirirsə, müstəqillik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır. İqtisadi yüksəlişin təməlində də məhz təbii ehtiyatların səmərəli formada istifadəsi dayanır. Odlar yurdu Azərbaycan öz təbii ehtiyatları ilə həm regionda, həm də dünya miqyasında seçilir. Ölkə başçımızın dəfələrlə vurğuladığı: “Bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək təbii qaz ehtiyatlarımız var” sözləri də bunu ifadə edir. Şübhəsiz ki, respublikamızda mövcud olan resursların hələ az bir qismi istifadə edilir. Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismar olunmayıb. Bundan bir müddət sonra, 1996-cı ildə SOCAR-ın beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1 trilyon kubmetr qazın olması ehtimal edilir və o, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənilməsi üçün konsorsium üzvləri 2013-cü ildə paytaxt Bakıda növbəti tarixi qərara imza atıblar. 2023-cü ilin III rübünün sonunda “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinə yekun investisiya qərarından öncə çəkilmiş xərclər daxil olmaqla təqribən 22 milyard ABŞ dolları vəsait xərclənib. Statistikaya əsasən ötən il “Şahdəniz” yatağından 200 milyard kubmetr qaz hasil edilib. Yatağın digər əhəmiyyəti də ondan ibarətdir ki, 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP layihəsini seçib. “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına imkan yaradıb.

Cənub Qaz Dəhlizinin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev deyib: “Biz bu günü burada – Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.

Azərbaycan dövlətinin milli maraqlara cavab verən müstəqil, uzaqgörən siyasəti nəticəsində bu layihə də uğurla icra olundu. Baxmayaraq ki, bu, qeyd edilən kimi, çox nəhəng və texniki-iqtisadi cəhətdən mürəkkəb, həmçinin geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi, ölkəmiz onu da gerçəkləşdirməyi bacardı. Cənub Qaz Dəhlizi bu gün yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da öz növbəsində çox önəmli məqamdır. Maraqlar balansının gözlənilməsi layihənin uğurlu olması üçün vacib olan amillərdən biridir.

2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memoranduma əsasən 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Rusiya etibarlı enerji tərəfdaşı deyil. Buna görə də Aİ-nin Azərbaycan timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutduğunu bildirib. Ümumilikdə nəzər salsaq, Azərbaycan bir çox Avropa ölkələrinin qaz istehlakının 80, digərlərinin isə 15-20 faizini təmin edir. Bu addımlar ABŞ prezidenti tərəfindən də dəstəklənir. O, Azərbaycan Prezidentinə ünvanladığı son məktubunda qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Bütün bunlarla yanaşı, ötən il sentyabrın 25-də Prezident İlham Əliyev və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi baş tutub. 2024-cü ildə istismara verilməsi nəzərdə tutulan bu kəmər Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək. Azərbaycanın mühüm qaz layihələrinin baş icraçısı olması onun gücünü bir daha təsdiq edir. Şübhəsiz ki, dövlətimizin enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.