SOSİUM

07 May

Azərbaycanlı alim Türkiyədə ilin "Gənc elm adamı" seçilib

Türkiyənin nüfuzlu Boğaziçi Universitetinin Fizika departamentinin azərbaycanlı əməkdaşı, fizika elmləri namizədi İlmar Qəhrəmanov Türkiyənin mötəbər "Bilim Akademiyası Gənc elm adamı" (BAGEP) mükafatına layiq görülüb.

Fins.az xəbər verir ki, Bilim Akademiyasının mükafat komitəsi Türkiyədə fəaliyyət göstərən gənc elm adamları arasından ən parlaq olanları və gələcək fəaliyyətində də uğur qazanacağı bəlli olanları seçməyi hədəfləyir. Qaliblərə elmi tədqiqatlarında kömək məqsədilə təqaüd də veriləcək.

İlmar Qəhrəmanov riyazi və nəzəri fizikanın yüksək enerji fizikası, supersimmetriya, sim nəzəriyyəsi və inteqrallanan sistemlər kimi sahələr üzrə mütəxəssisdir. 2019-cu ildən Boğaziçi Universitetində çalışan İlmar Qəhrəmanov elmlər namizədi dərəcəsini (PhD) Almaniyanın Berlin Humboldt Universitetində alıb, Potsdamda Maks-Plank Cəmiyyətinin Albert Eynşteyn adına Qravitasiya Fizikası İnstitutunda iki il post-doktorant kimi çalışıb.

İlmar Qəhrəmanov həmçinin Xəzər Universitetində fəaliyyət göstərən "Riyaziyyat və onun tətbiqləri" elmi tədqiqat mərkəzinin üzvüdür və Xəzər Universitenin Riyaziyyat departamentində çalışır.