İDMAN

07 May

Üzgüçülərimiz Rusiyada 9 medal qazanıblar

Rusiyanın Kazan şəhərində mayın 3-dən 5-dək keçirilən üzgüçülük üzrə “Rektor Kuboku”nda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbələri 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar.

Fins.az xəbər verir ki, Milli komandamızın üzvlərindən Əbdürrəhman Rüstəmov 50 metr və 200 metr batterflay üsulunda qızıl, Fatimə Alkərəmova isə 100 metr sərbəst üsulda bürünc medala sahib olublar. Əbdürrəhman Rüstəmov 100 metr batterflay üsulunda, 200 metr qarışıq üsulda, 200 metr sərbəst üsulda gümüş medal qazanıb. Rəşad Alquliyev 200 metr qarışıq üsulda bürünc, Fatimə Alkərəmova 200 metr sərbəst üsulda gümüş, 200 metr qarışıq üsulda isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, idmançılarımızın kubokda iştirakı ASAPES ilə Kazanda yerləşən Povoljskiy Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən təmin olunub.