BİZNES

06 May

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cabbar Həşimov” tankeri əsaslı təmir olunub.

Fins.az xəbər verir ki, bu barədə ASCO-dan bildirilib.

Qeyd olunub ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda yüksək keyfiyyətlə aparılıb.

Təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi və keçid körpüsü tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri, nasosları təmir olunub.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri görülüb, yararsız hissələr dəyişdirilib, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib.

Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid 1 dəst  yeni  elektron xəritə (ECDİS), 1 dəst maqnit kompas və exolota aid  printer quraşdırılıb.  Komandayayım qurğusu və naviqasiya avadanlıqları təmir olunub.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Cabbar Həşimov” gəmisinin uzunluğu 150, eni 17.3 metr, tam yükgötürmə qabiliyyəti 12 min tondur.

Fuad Mədətov
Fins.az