SOSİUM

07 May

İl ərzində 900 işsiz vətəndaş İKT  sahəsində peşə hazırlığına cəlb olunaraq işlə təmin olunacaq

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Dövlət Məşğulluq Agentliyi arasında birgə əməkdaşlığa dair Memoranduma əsasən  “Technest” təqaüd proqramı çərçivəsində işaxtaran və işsiz şəxslər üçün İKT sahəsində peşə hazırlığı üzrə təlimlər təşkil olunacaq. Cari il ərzində proqrama 900 işsiz vətəndaş cəlb ediləcək ki, onların rəqəmsal savadlılığının artırılmasına, eləcə də növbəti mərhələdə işlə təmin olunmasına dəstək göstəriləcək.

Fins.az xəbər verir ki, proqram üzrə ilk təlimlərə artıq 15 aprel tarixindən Gəncə şəhərində start verilib. Belə ki, 28 nəfər  Gəncə sakini  “Help desk” və “Qrafik dizayner” ixtisasları üzrə  peşə hazırlığı təlimlərinə qoşulub.

Hazırda İKT sahəsində müxtəlif peşələr üzrə Bakı, Sumqayıt, Zaqatala, İsmayıllı, Sabirabad, Mingəçevir,Qazax və Lənkəran rayonlarında təşkil olunacaq təlimlərə  Regional Məşğulluq filiallarında və müvafiq DOST Mərkəzlərində vətəndaş müraciətlərinin qəbulu davam edir.

Qeyd edək ki, proqramın əsas məqsədi işsiz və işaxtaranlar üçün karyera imkanlarını əlçatan etmək, eləcə də İKT sahəsində məşğulluğun artırılmasına dəstək göstərməkdir.