SƏNAYE

16 İyun

SOCAR-ın da sponsorluq etdiyi sammitdən proqnoz - neft 100 dolları görəcək

Böyük Britaniyanın məşhur Financial Times jurnalının təşkil etdiyi 2 günlük qlobal tədbirdə neft qiymətlərinə dair maraqlı proqnozlar verilib.

Fins.az  xəbər verir ki, 15-16 iyun tarixlərində keçirilən və Qlobal Əmtəə Sammiti adlanan tədbirdə 60-dan çox ölkədən 540 şirkət, 90 spiker və 1500-dən artıq şəxs iştirak edir. Dünyanın ən iri qlobal neft treyderləri - Vitol, Trafigura, Glencore, Gunvor və başqaları, həmçinin Azərbaycandan SOCAR əsas sponsorlar arasındadır.

Vitol-un rəhbəri Rassel Hardi, Trafigura-nın sədri Ceremi Veyr, Glencore-un neft treydinqi bölməsinin rəhbəri və Goldman Sachs bankının xammal və əmtəə tədqiqatları üzrə baş iqtisadçısı Ceffri Karri hazırda bir bareli 73 dolları keçən neft qiymətlərinin tezliklə 100 dollara çatmasının tam real gözlənti olduğunu bildirib. Ən iri treyderlərdən Mercuria və Gunvor-un rəhbərləri də eyni fikirdədir.

Xatırladaq ki, 2008-ci ilin iyulunda tarixində rekord qiymətə - 147 dollara qədər yüksələn neftin bareli sonuncu dəfə 100 dolları 2014-cü ildə görüb. Son 5 ildə neft sənayesinə investisiyalar ildə 400 milyard dollardan 100 milyard dollara qədər azalıb. Treyderlər pandemiyadan sonrakı sürətli inkişaf, qlobal ehtiyatların azalması və iri hasilatçıların istehsal həcmini ehtiyatla artırması səbəbindən neft qiymətinin sürətlə 100 dollara çatacağından əmindir.