SƏNAYE

10 İyul

SOCAR Rumıniyada 5 yanacaqdoldurma məntəqəsini icarəyə götürmək hüququnu əldə edib

Rumıniyanın Rəqabət Şurası “SOCAR Petroleum SA Romania” şirkətinə (SOCAR-ın Rumıniyadakı "törəmə"si) “IPECO S. A.” şirkəti tərəfindən istismar edilən 5 yanacaqdoldurma məntəqəsini (YDM) icarəyə götürmək hüququnun verilməsinə dair sövdələşməni təsdiq edib.

"Rumıniyanın Rəqabət Şurası "SOCAR Petroleum SA" şirkətinə Gorj vilayətində “İPECO S. A.” tərəfindən idarə olunan 5 YDM-nin istismara verilməsi hüququ verən sövdələşməni təsdiq edib", - Rumıniyanın antiinhisar orqanı bildirir.

Şuranın məlumatına görə, “SOCAR Petroleum SA” tərəfindən 5 yanacaqdoldurma məntəqəsi uzunmüddətli icarə əsasında istismar ediləcək.

Sövdələşmənin məbləği açıqlanmır.

“Rumıniyanın Rəqabət Şurası bu ilin aprel ayında “Aral MTB SRL” şirkətinin nəzdində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinin istifadə hüququnun 10 il müddətinə “SOCAR Petroleum SA”ya keçməsinə icazə verib.

Hazırda Rumıniyanın 20 regionunda “SOCAR” brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkət bu ölkədəki yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırır.

SOCAR Rumıniyada neft məhsullarının pərakəndə satışı bazarında fəaliyyətə 2011-ci ildən başlayıb.