SƏNAYE

10 İyul

Bakı Rusiya ilə yeni enerji əməkdaşlığı memorandumu hazırlayır

“LUKoil” şirkətindən əlavə, “Rosneft” və “Qazprom”la da əməkdaşlıq planlarının olması  nədən xəbər verir?
Rusiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq güclənir. Belə ki, hər iki ölkənin energetika nazirliklərinin energetika sahəsində memorandumun imzalaması üçün hazırlıq görülür. Bu məlumatı Azərbaycanın energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans zamanı səsləndirib.  O bildirib ki, bu il aprelin 1-i tarixinə olan məlumata görə, Rusiya şirkətlərinin Azərbaycanın enerji sektoruna investisiyalarının həcmi 4 mlrd. ABŞ dolları təşkil edib.

Nazir yanacaq-enerji kompleksi sahəsində iri layihələrdə Azərbaycanda Rusiyanın “LUKoil” şirkətinin iştirak etdiyini, “Rosneft” və “Qazprom” şirkətləri ilə əməkdaşlıq planlarının olduğunu qeyd edib.

Azərbaycanın energetika naziri bildirib ki, Azərbaycan və Rusiya neftin tranziti ilə bağlı fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, yanvar-may ayları ərzində Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri ilə Rusiya neftinin tranzitinin həcmi 990 min ton təşkil edib.

Memorandumun imzalanmasına gəlincə, nazir bildirib ki, bu sənədin imzalanması enerji sahəsində əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan enerji sahəsində daha çox Qərb şirkətləri ilə əməkdaşlıq edir və son illərdəki beynəlxalq strateji layihələrdə də Qərblə əməkdaşlıq üstünlük təşkil edir. Rusiyanın Azərbaycan  enerji sektorunda iştirakının güclənməsi “LUKoil” şirkətindən əlavə, “Rosneft” və “Qazprom”la da əməkdaşlıq planlarının olması  nədən xəbər verir?

İlham Şaban: “Çindən gələn xəbərlər bazara daha ciddi təsir edir”

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, enerji sahəsində Rusiyanın Azərbaycanla əməkdaşlığının əsasında “LUKoil” şirkəti və BTC ilə Rusiya neftinin dünya bazarına nəqli dayanır: “İki qonşu ölkəyik, hər birimiz ənənəvi enerji hasilatı, emalı, nəqli sahəsində ixtisaslaşmışıq. Əgər Xəzəryanı ölkələri götürsək, Rusiya ilə neft-qaz sahəsində bizim əməkdaşılığımız  o qədər də böyük deyil. Yeganə oyunçu kimi ”LUKoil" şirkəti “Şahdəniz” layihəsinin iştirakçısıdır".

İ.Şaban vurğuladı ki, Azərbaycanın neft infrastrukturundan istifadə etməklə Xəzərin Rusiya sektorunda hasil edilən neftin bir hissəsi Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına çıxarılır: “Bu çox yaxşı haldır. 5 ayda 900 min ton neft daşıyıblar. Azərbaycan Rusiyadan müəyyən neft avadanlıqları idxal edir. Böyük bir sahə deyil. Dövlət Neft Şirkətinin zavodu Rusiyanın neft sənayesinə xidmət edən gəmiləri, qurğuları, kranları, xüsusi texnika ilə  təmir edir. Bu memorandum da imkan verəcək ki, bu əməkdaşlığın aradan qaldırılmasına imkan verilməsin”.

Ekspert vurğuladı ki, Rusiya bizim yataqlarda neft-qaz hasil etmək məsələsində bir neçə dəfə cəhdlər edib, ancaq imzalanan sənədlər gerçəkləşməyib: “Nəzərə almaq lazımdır ki, Rusiya quruda neft hasil etməklə bağlı dünya səviyyəsində təcrübəsi və imkanları olan ölkədir. Ancaq onun ”Şelf"də, “Poli-Saxalin”də, Oxot dənizində neft hasilatını xarici şirkətlər işləyir. Rusiyanın yeganə dənizdə təcrübəsi olan şirkəti “LUKoil”dir. Onun da dəniz təcrübəsi “Azəri-Çıraq-Günəşli” layihəsindən başlayıb".

Bu memorandumun və Rusiya ilə Azərbaycan arasında artan enerji əməkdaşlığının siyasi münasibətlərdə təsirlərinə gəlincə, İ.Şaban bildirdi ki, burada daha çox kommersiya maraqlarından söhbət gedir. Dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada yüzlərlə xarici şirkət fəaliyyət göstərir və bu məsələnin siyasi münasibətlərə təsirləri müzakirə mövzusu deyil.