SƏNAYE

13 Aprel

“Azeri Light” markalı neft tankeri Odessaya çatıb

Mozır neft emalı zavodu üçün nəzərdə tutulan “Azeri Light” markalı nefti daşıyan növbəti tanker aprelin 12-də axşam Odessa limanına çatıb, bu gün onun boşaldılması davam edir. Bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksanr Tişenko məlumat verib.

""Azeri Light” markalı neftlə dolu tanker dünən axşam Odessa limanına çatıb, hazırda onun boşaldılması davam edir. Bu gün Norveç nefti ilə dolu tankerin də Klaypeda limanına gəlməsi gözlənilir”, - deyə o bildirib.

Hər bir tankerin tutumu 85 min tondur.

Xəbər verildiyi kimi, mart ayında “SOCAR Trading” (SOCAR-ın törəmə strukturu) Belarusa Mozır NEZ üçün Odessa limanı və “Odessa-Brodı” boru kəməri vasitəsilə ümumi həcmi təxminən 250 min ton olan 3 partiya neft nəql edib.

Daha əvvəl “Belneftexim” konsernindən bildirilmişdi ki, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.