SƏNAYE

20 Dekabr

Prezident Əliyev: "2020-ci ildə Azərbaycanda pambıq toxumu istehsalı üzrə zavodun tikintisinə başlanacaq"

Azərbaycan prezidenti İlham Əliyev pambıq toxumu istehsalı üzrə zavodun istifadəyə verilməsi zərurəti haqqında bəyan edib.

“Eyni zamanda, bu gün bir məsələ o qədər də diqqətdə olmadı, amma bu da çox vacib məsələdir, bu, toxum istehsalı məsələsidir. Biz lifsiz pambıq toxumu istehsalı zavodu işə salmalıyıq. İndi belə layihə var və hesab edirəm ki, işlərə gələn il start verilməlidir. Hər halda zavodun tikintisi bir il, bəlkə də il yarım çəkər ki, biz özümüzü bu keyfiyyətli toxumlarla təmin edək”, - İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə bildirib.

Dövlət başçısı əlavə edib ki, daxili tələbat daxili resurslar hesabına təmin olunmalıdır.

“Biz indi pambığı tədarük edirik, onun böyük hissəsi – 60%-i mahlıc, 40%-i iplik kimi ixrac olunur. Sonra bu iplikdən istehsal edilən hazır məhsullar bizə idxal olunur və buna milyonlarla, on milyonlarla pul gedir. Ona görə bu sahədə daxili istehsal inkişaf etməlidir və zəncir tipli bir tədarük-istehsal kompleksi yaradılmalıdır. Dövlət-özəl tərəfdaşlığı burada əsas rol oynayacaq”, - Əliyev bəyan edib.