MARKETİNQ

08 May

Caspian Energy Forum Izmir 2024 oktyabr ayında keçiriləcək

Caspian Energy Club Tükiye oktyabr ayında Caspian Energy Forum Izmir 2024 təşkil edəcək. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru və Caspian Energy Club Tükiye-nin Müşahidə Şurasının üzvü Günel Quliyeva bildirib.

Fins.az xəbər verir ki, iki sessiyadan ibarət olacaq forum həm Davos formatını, həm də aparıcı ekspertlərin ənənəvi və alternativ enerji mövzularını əhatə edən fərdi təqdimat formatını dəstəkləyəcək. Forum Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi bütün ölkələrdə yaşıl enerjiyə keçid prosesləri, enerji sektorundakı tendensiyalar və s. bu kimi mövzuları əhatə edəcək. “Məqsədimiz həmçinin regionda ən mühüm tədbirlərdən biri olan və yaxında Azərbaycanda keçiriləcək COP29-un əsas mövzularını işıqlandıraraq, tədbirdə qaldırılacaq diskussiyalara və proseslərə marağı artırmaqdır”, — Günel Quliyeva qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdən Caspian Energy Forum Izmir 2024-ün keçirilmə tarixi COP29-dan əvvəl seçilmişdir.

“Bizim beynəlxalq Caspian Energy Forum Izmir 2024-dü keçirməyimizin əsas məqsədi fəaliyyət göstərdiyimiz ölkələrdəki ticari-iqtisadi və enerji prosseslərini daha geniş auditoriyanın diqqətinə çatdırmaqdır. Caspian Energy Clubun ənənələrinə uyğun olaraq, biz bu forumun beynəlxalq statusunu qoruyub saxlayacağıq. Məruzəçilərimiz təkcə Azərbaycan və Türkiyədən deyil, fəal işlədiyimiz bütün ölkələrdən təmsil olunacaqlar”, — o əlavə edib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.