BİZNES

11 Avqust

Yeni yaradılan şirkətlə 29,3 MİLYON MANATLIQ MÜQAVİLƏ

36 şəhər və rayonunda müharibə əlilləri və şəhid ailələri üçün fərdi evlər tikiləcək.

Fins.az xəbər verir ki, evlər  “MAC Construction” QSC şirkəti tərəfindən tikiləcək.  

Belə ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Sabirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi işlərinin satın alınması üzrə  “MAC Construction” QSC qalib elan edilmişdir.

“MAC Construction” QSC ilə nazirlik arasında 29 milyon 323 min 213 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Qeyd edək ki, 2020-ci ilin Sentyabr ayında yaradılmış “MAC Construction” QSC 2010 manat nizamnamə kapitalına malikdir. Şirkətin qanuni təmsilçisi Quliyev Ramin Ziyadxan oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindədir.