BİZNES

25 Sentyabr

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb

Yanvar-avqust aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 204,2 milyon ABŞ dolları, BƏƏ ilə 26 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 8,3 milyon dollar olub. İran və BƏƏ ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 181,6 milyon dollar, BƏƏ-dən 18,7 milyon dollar, Səudiyyə Ərəbistanından isə 7,1 milyon dollar təşkil edib. Bu ölkələr ilə keçən ilin eyni dövrünə nisbətən idxal əməliyyatları azalıb.