BANK

04 Avqust

Yevqeniya Qaşikulina: Müştərilərimizin 98%-i ilə hər zaman birgə həllər tapırıq -EKSKLÜZİV

Covid -19 pandemiyası dünyada eyni zamanda ölkəmizdə ümumi iqtisadi prosesləri ləngidərək inzibati idarəçilərlə yanaşı əhalinin də gəlirliyini kəskin şəkildə aşağı salıb.Bu da təbii ki, ölkənin pul kütləsinin azalmasını,həmçinin maliyyə çatışmazlıqlarını aktuallaşdırır.Dövlətin maliyyə dayanıqlığında xüsusi rola malik olan bankların pandemiyadan mənfi yöndə təsirlənən müştəriləri ilə bağlı xüsusi siyasəti bu dövrdə çox önəmli xarakterə malikdir. Pandemiya ilə bağlı ölkəmizdə bir sıra banklar güzəştli kredit strategiyası həyata keçiriblər.Pandemiyanın yaratdığı mənfi  iqtisadi təsirlərin optimal şəkildə aradan qaldırılması məqsədi ilə "Access"bank tərəfindən həyata keçirilən tədbirlərlə bağlı bankın  İdarə Heyəti sədrinin birinci müavini xanım Yevqeniya Qaşikulina fins.az-a açıqlamalar verib.

 Pandemiya səbəbindən bir çox banklar öz kredit siyasətini dəyişdirib. "AccessBank" pandemiya səbəbindən kredit siyasətində hansı dəyişiklikləri edib?

 -Bankın mövcud kredit siyasəti  risklərin idarə edilməsi baxımından kifayət qədər tədbirlidir. Kreditin verilməsi zamanı nəzərə alınan mühüm amillərdən biri müştərinin maliyyə vəziyyəti, gəlirlərinin şaxələndirilməsi və sabitliyi, maliyyə davamlılığıdır. Biz sahibkarı onun böhran dövründə işləmək, böhranı dəf etmək, yeni imkanlar, yeni bazarlar və müvafiq olaraq yeni müştərilər tapmaq qabiliyyətini qiymətləndiririk. Yəni, müştərilərin seçilməsi zamanı bizim üçün ən vacib amillərdən biri böhran dövründə biznesi idarə etmək qabiliyyətidir.

Əlbəttə, pandemiya bir çox sahibkarlara güclü zərbə vurdu, lakin müştərilərimiz üzrə ümumi mənzərəyə baxsaq, görərik ki, onların əksəriyyəti üçün bu, müvəqqəti çətinlikdir. Bunlar nə biznesdən tamamilə kənarlaşdırılmış, nə də biznesi müflisləşmiş sahibkarlar deyil. Müştərilərimizin 98%-i ilə hər zaman birgə həllər tapırıq, onlar işləməyə davam edirlər və biz əminik ki, onlar bizneslərini bərpa edəcəklər. Aprel ayında bank mövcud kreditlərin təkrar strukturlaşdırılması ilə fəal şəkildə məşğul olub, may ayında isə biz yeni müştərilərin kreditləşdirilməsinə başlamışıq. Mən burada müştərilərin seçimi baxımından kreditləşmə sisteminin köklü şəkildə dəyişdiyini söyləyə bilmərəm. Əvvəllər bizim üçün maraqlı olan müştərilər yenə də maraqlı qalmağa davam edirlər.

Bundan başqa, girov tələblərimizi heç bir şəkildə dəyişməmişik. Bizim girova yanaşmamız kifayət qədər çevik olub və bu cür də qalmaqda davam edir. Yəqin ki, indi əvvəlkindən daha çox diqqət yetirdiyimiz yeganə məsələ – kreditlərin ödənilmə qrafikinin müştəri ilə razılaşdırılmasıdır. Hətta müştəri krediti bərabər hissələrlə ödəmək istədiyini desə də, biz onunla çevik ödəniş qrafikini və ya güzəşt dövrünü müzakirə edirik, çünki vəziyyətin necə inkişaf edəcəyini: biznesin hansı sahələrinin adi rejimdə, hansılarının isə məhdud rejimdə işləyəcəyini bilmirik.

Aydındır ki, indi maliyyələşdirilməsi çətin olan sektorlar var, çünki onlar demək olar ki, tamamilə gəlirlərini itiriblər və onların nə zaman bərpa olunacaqlarını proqnozlaşdırmaq çətindir. Burada mən turizm sahəsini, restoranları, fitnes mərkəzlərini nəzərdə tuturam. Digər tərəfdən, bu sektorlarda indi kreditləşməyə tələbat da yüksək deyildir. Bugünkü gün onların yeganə tələbatı – mövcud borcların təkrar strukturlaşdırılmasıdır. 


Bu gün artıq ölkə hökuməti tərəfindən işlənib hazırlanmış bir mexanizm mövcuddur ("Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarı: “Koronavirus  pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə”- red). Bu, pandemiyadan zərər çəkmiş mövcud müştərilər üzrə faiz dərəcəsinin subsidiyalaşdırılması və subsidiyalaşdırılmış faiz dərəcəsi ilə yeni kreditlərin verilməsi mexanizmidir. Yeni kreditlərin verilməsi bankın resursları hesabına həyata keçirilir. Beləliklə, müştəri endirimdən fayda və 60%-dək zəmanət əldə etmək imkanı qazanır. Beləliklə, biz girovu olmayan sahibkarı maliyyələşdirə bilərik və bu zaman onun krediti üzrə faiz dərəcəsi bazardakı depozitlər üzrə faiz dərəcəsindən əhəmiyyətli dərəcədə aşağı olacaq.

Müəllif:Aynur Qəniyeva