SOSİUM

İlham Əliyev: “Azərbaycan çox sabit və çox güclü ölkədir”
10 İYUL
142

İlham Əliyev: “Azərbaycan çox sabit və çox güclü ölkədir”

2018-07-10 09:36:00

“İlin əvvəlində qarşıya vəzifə qoymuşduq ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq, biz buna nail olacağıq. İçməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. Deyə bilərəm ki, yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünyada 36-cı yerdədir. Yəni, bunu deyirəm ki, ictimaiyyət də bilsin, bu sahəyə böyük investisiyalar qoyulub və qoyulacaqdır”.

Fins.az-ın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı bildirib ki, sosial infrastrukturla bağlı bütün işlər plan üzrə gedir. Bu il 137 modul tipli məktəb tikilib istifadəyə verilməlidir. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilməlidir. Altı xəstəxana istifadəyə verilməlidir. Bu il iki Olimpiya İdman Mərkəzi açılmalıdır, ikisində isə tikinti işləri gedir. Dörd min məcburi köçkün ailəsi yeni evlərlə təmin edilməlidir”. 

Prezident İlham Əliyev deyib ki, sənayenin inkişafı ilə bağlı yaxın gələcəkdə iki böyük zavod işə düşəcək: “Hər iki zavod Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq və böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların işə düşməsi deyə bilərəm ki, müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələr olacaq”.

Dövlət başçısı bildirib ki, sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır: “Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni, əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq”.

Prezident bildirib ki, kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir: “Dövlət aqroparkların yaradılmasına çox böyük dəstək göstərir. Dövlət ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə qoyulacaq. Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentliyin qarşısında çox ciddi vəzifələr qoyuldu. Qida təhlükəsizliyi bu gün çox önəmli sahədir. Həm Azərbaycana gətirilən ərzaq məhsulları standartlara tam uyğun olmalıdır, eyni zamanda, Azərbaycanda istehsal edilən məhsullar beynəlxalq standartlara uyğun olmalıdır. İxrac edəcəyimiz məhsullar da elə səviyyədə olmalıdır ki, ixracla bağlı problem olmasın. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti çox yüksək səviyyədə təşkil edilməlidir”.

Dövlət başçısı turizm sektorunun inkişafının prioritetlər sırasında olduğunu xatırladıb: “Bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləmişlər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir.Bu il üç “ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. Onlardan biri - Mingəçevir “ASAN xidmət” mərkəzi mənim iştirakımla açıldı. İmişli və Şəki şəhərlərində bu il iki mərkəz istifadəyə veriləcək. Beş rayonda yeni mərkəzlərin tikintisi haqqında göstərişlər verilmişdir”.

Prezident İlham Əliyev deyib ki, görülmüş işlər arasında böyük əhəmiyyət daşıyan dəmir yolu layihələridir: “Keçən il Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə biz demək olar ki, Şərq-Qərb dəhlizini işə saldıq. Ələt limanının fəaliyyətə başlaması demək olar ki, bu zənciri belə tamamladı. İndi biz digər layihələr üzərində işləyirik. Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi icra edilir. Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə də başlamalıyıq. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizini daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək. Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur. Belə olan halda hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər”.

Dövlət başçısı qeyd edib ki, bu il neft-qaz sahəsində görülmüş işlər tarixi əhəmiyyət daşıyır. “Həm Cənub Qaz Dəhlizinin, həm TANAPlayihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Deyə bilərəm ki, TANAPlayihəsi əvvəlcə nəzərdə tutulmuş, qoyulan sərmayədən daha ucuz başa gəldi. Biz TANAP layihəsinə başlayanda onun maliyyəsi 11 milyard dollardan çox səviyyəsində nəzərdə tutulmuşdu. TANAPlayihəsi 8 milyard dollara başa gəlib. Yəni, bu, onu göstərir ki, Azərbaycan bu işlərə gör nə qədər məsuliyyətli yanaşır. Biz hər bir dollara, hər bir qəpiyə nəzarət edirik ki, bu böyük layihəni az xərclə icra edək. Görün biz burada nə qədər qənaət etdik. SOCAR bu yaxınlarda yeni kontraktlar imzaladı. Yeni kontraktların imzalanması nəzərdə tutulur. Yəni, bizim neft-qaz sektorumuza maraq azalmır, artır. Çünki Azərbaycan çox sabit və çox güclü ölkədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256