SOSİUM

Nazirlik: Yanvarda “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı 5% artıb
19 FEVRAL
183

Nazirlik: Yanvarda “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı 5% artıb

2018-02-19 15:19:00

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə əvvəlki aya (yəni 2017-ci ilin dekabr ayına) nisbətən 5 faiz çox olmaqla 43445 dəfə müraciət olunub.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin hər ay çoxalması bu e-xidmətin ölkədə kağız arayışların elektron arayışlarla əvəzlənməsində rolunun və vətəndaşların həmin e-xidmətə marağının getdikcə artmasını göstərir.

Bu, eyni zamanda, müvafiq hallarda iş yerləri barədə arayışların elektron qaydada əldə edilməsinə, aidiyyəti qurumlarda isə qeyd olunan arayışların elektron formada qəbul olunmasına üstünlük verilməsinin təzahürüdür.

Digər tərəfdən, “İş yerinə dair arayış” e-xidmətinin vətəndaşlar üçün daha əlçatan olması və ondan istifadənin texniki prosedurunun sadəliyi də həmin e-xidmətdən faydalanmağa marağın artmasını şərtləndirir. Belə ki, “Elektron hökumət” portalında Nazirlik tərəfindən təqdim olunan xidmətlər siyahısından “İş yerinə dair arayış” xidməti seçildikdən sonra ekranda əks olunan müvafiq menyulardan “Yeni arayış” menyusu seçilir. Bundan sonra isə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi (və ya bildirişlərindən biri) üzrə iş yerinə dair arayışını formalaşdırır.  

Üç ildən çoxdur ki, fəaliyyət göstərən “İş yerinə dair arayış” e-xidmətinə  müraciətlərin sayı istifadəyə verildiyi ilk aylarla müqayisədə 4 dəfədən də çox artıb. Ümumilikdə isə indiyədək bu e-xidmətə 861,6 min müraciət qeydə alınıb. “E-hökumət” portalındakı “Arayışlar” bölməsində e-arayış xidmətlərinə yönələn müraciətlərin 50 faizə qədəri “İş yerinə dair arayış” e-xidmətinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256