SOSİUM

Nazirlik: Ötən ay e-xidmətlərə müraciətlərin sayı 13,2% artıb
06 DEKABR
83

Nazirlik: Ötən ay e-xidmətlərə müraciətlərin sayı 13,2% artıb

2017-12-06 11:44:00

Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarının icrası olaraq, son illərdə aparılan sistem xarakterli islahatlar əmək və sosial müdafiə sahələrində  avtomatlaşdırılmış infrastrukturun formalaşmasına və bu əsasda həmin sahələr üzrə 30-a yaxın elektron xidmətin əhalinin istifadəsinə verilməsinə səbəb olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, əmək və sosial müdafiə sahələri üzrə dövlət xidmətlərinin vətəndaşlara müasir əsaslar üzərində, məmur-vətəndaş kontaktları olmadan şəffaf şəkildə təqdim olunmasına, əhalinin aidiyyəti qruplarına əlçatanlığının təmin edilməsinə  imkan verən bu e-xidmətlərdən istifadə statistikası da getdikcə artır.

Bunun növbəti göstəricisi kimi, 2017-ci ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 644 710 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur.  O cümlədən, ötən ay müraciətlərin sayı  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti üzrə 31,8 faiz artaraq 250 557-yə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti üzrə 50 faiz artaraq 20 311-ə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 13,8  faiz artaraq 27 496-ya, “Sığortaolunanın onlayn uçota alınması” e-xidməti üzrə 57  faiz artaraq 18 941-ə  çatıb.

Həmçinin “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”,  “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər e-xidmətlərə müraciətlərin sayında da mütəmadi artım özünü göstərir. 

Nazirliyin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) əlillik təyinatlarının müvafiq göndərişi verən səhiyyə müəssisəsinin və göndərişin aid olduğu şəxsin kimliyi bilinmədən, vətəndaş-ekspert kontaktı olmadan, şəffaf şəraitdə həyata keçirilməsinə  imkan yaradıb. “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətləri isə əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etmək üçündür. Bu e-xidmətlərə də maraq artmaqda davam edir. Buna misal olaraq, hər iki e-xidmətə noyabr ayında edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 42 552-yə çatıb.

Ümumilikdə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə böyük sosial tələbin və ictimai marağın göstəricisi kimi, ötən dövrdə həmin e-xidmətlərə 22 milyon 200 min dəfə müraciət olunub ki, bu da  “Elektron hökumət” portalına ümumi müraciətlərin 38 faizini təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287