SOSİUM

Prezidentin Respublika Günü münasibəti ilə rəsmi qəbuldakı çıxışı - TAM MƏTN
28 MAY
409

Prezidentin Respublika Günü münasibəti ilə rəsmi qəbuldakı çıxışı - TAM MƏTN

2016-05-28 10:32:00

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Prezident İlham Əliyev rəsmi qəbulda iştirak edib. Dövlət başçısı tədbirdə nitq söyləyib:

-Hörmətli xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan daim inkişaf etsin, xalqımız rahat yaşasın, ölkəmizdə sabitlik, təhlükəsizlik daim möhkəmlənsin.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız və dünya üçün tarixi hadisədir. Ona görə ki, ilk dəfə idi müsəlman aləmində demokratik respublika yaranmışdı. Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaratmışlar. Biz təbii olaraq bununla fəxr edirik. Məhz bizdən sonra digər müsəlman ölkələrində demokratik respublikalar yaranmağa başlamışdır. Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə çox böyük hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Əfsuslar ki, Azərbaycan Demokratik Respublikasının ömrü uzun olmadı. Respublika iki ildən sonra süqut etdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir.

Xalqımız üçün yeni dövr - sovet dövrü başlamışdır. Əlbəttə, biz müstəqil deyildik, özümüz müstəqil siyasət apara bilmirdik. Ancaq bununla bərabər, o dövrdə də müsbət məqamlar az deyildi. İlk növbədə, təhsillə bağlı məsələlər öz həllini tapdı və bu gün Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir. Elmin, mədəniyyətin, incəsənətin, kənd təsərrüfatının, sənayenin inkişafı sovet dövründə təmin olunmuşdur. Xüsusilə, o dövrdə ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. Əgər Sovet Azərbaycanının sosial-iqtisadi statistikasına nəzər salsaq, bunu görmək mümkündür ki, 1970-ci illərə qədər Azərbaycan ən geridə qalmış yerlərdə idi. Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan inkişaf etməyə başladı və qısa müddət ərzində donor respublikaya çevrildi. Sovet İttifaqında Rusiya Federasiyasından sonra iki respublika – Belarus və Azərbaycan özünü təmin edirdi və ümumittifaq xəzinəsinə öz maddi töhfəsini verirdi.

Bu, böyük nailiyyət idi. Çünki Azərbaycan o illərdə inkişaf etmiş, sənaye müəssisələri yaradılmış, kənd təsərrüfatı sürətlə inkişaf etmiş, xalqımız daha da yaxşı yaşamağa başlamışdır. Hesab edirəm ki, məhz buna görə, məhz o illərdə görülən işlərə və Heydər Əliyevə xalq tərəfindən olan hörmətə görə ən çətin anlarda xalqımız yenə də Ulu Öndərə üz tutdu, 1993-cü ildə onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini göstərdi. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsə idi, müstəqilliyimizin taleyi çox faciəli ola bilərdi.

1991-ci ildə bərpa edilən müstəqillik böyük tarixi şans, böyük sərvət idi. Ancaq əfsuslar olsun ki, o illərdə ölkəmizə rəhbərlik edən şəxslər bu şansdan istifadə edə bilmədilər. Ölkəmizi xaos bürümüşdü. Daxili çəkişmələr, anarxiya, silahlı quldur dəstələri meydan oxuyurdu. Özbaşınalıq, iqtisadi tənəzzül, hərbi böhran və bütün bu xoşagəlməz hallar nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Bu dəhşətli vətəndaş müharibəsində qardaş qanı axıdıldı. Belə bir vəziyyətdən istifadə edən erməni millətçiləri, Ermənistan işğalçıları torpaqlarımızı işğal etdilər. 1992-ci ildə Şuşa və Laçın, 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi əlaqə yarandı.

Həmin ağır və faciəli şəraitdə xalq Heydər Əliyevə müraciət etdi. O, bu müraciətə öz dəstəyini verdi, hakimiyyətə gəldi və ondan sonra Azərbaycan inkişaf etməyə başladı. Təxminən üç il vaxt lazım idi ki, iqtisadi sabitləşmə təmin edilsin. Biz bunu statistikadan görürük ki, məhz 1996-cı ildə iqtisadi sabitləşmə əldə edilmiş, ondan sonra isə Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başlamışdır. Siyasi sistem yaradıldı, 1995-ci ildə Konstitusiya qəbul olundu, Azərbaycan xarici investorları ölkəmizə dəvət etdi və inkişaf dövrü başladı. 1993-2003-cü illər inkişaf, sabitlik illəri oldu. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu, milli ideologiya - azərbaycançılıq ideologiyası xalq tərəfindən dəstəkləndi. Bu gün biz o illərdə həyata keçirilən işlərin bəhrəsini görürük, əlbəttə ki, Azərbaycanı bu möhkəm təməl üzərində uğurla, inamla irəliyə aparırıq.

2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir, bu siyasətə sadiqdir. Əlbəttə dünya dəyişir, bölgə dəyişir. Biz indi tam fərqli geosiyasi vəziyyətdə yaşayırıq. Ancaq biz həm xarici, həm daxili siyasətlə bağlı prinsipial seçimimizə sadiqik. Azərbaycanda xalq vahid amal uğrunda çalışır, vahid amal ətrafında birləşib ki, ölkəmizi daha da gücləndirək, xalqımızın rifah halını yüksəldək, Azərbaycanın dünyadakı nüfuzu daha da artsın və biz dayanıqlı, uzunmüddətli inkişaf strategiyamızı icra edə bilək. Buna nail olmaq üçün əlbəttə ki, qarşımızda önəmli vəzifələr durur. Son illər ərzində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapır.

2003-cü ildən bu günə qədər görülən işlər haqqında çox danışmaq istəməzdim. Hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq nüfuzu artıb, biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq, milli iqtisadiyyat üç dəfədən çox artıb, maaşlar, pensiyalar dəfələrlə artırılıb. Azərbaycan çox böyük əhəmiyyət kəsb edən transmilli, enerji və nəqliyyat layihələrini uğurla icra edib. Azərbaycan qaz, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Biz enerji, xüsusilə neft-qaz layihələrinin icrasında liderlik keyfiyyətlərimizi bütün dünyaya nümayiş etdiririk. Biz indi regional nəqliyyat mərkəzinə çevrilirik. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri bir ailə kimi rahat yaşayır. Yəni, bu siyahını uzatmaq olar. Mən görülən işlər haqqında danışsam, saatlarla vaxt lazım olacaq.

Əsas məsələ ondan ibarətdir ki, biz görüləcək işlər haqqında danışaq. Çünki möhkəm təməl var. Həm 1993-2003-cü illərdə, eyni zamanda, son illər ərzində əldə edilmiş nailiyyətlər inkişaf üçün möhkəm təməl yaradıb. Biz bu təməl üzərində müstəqil dövlət quruculuğu prosesini davam etdiririk.

Vəzifələrə gəldikdə, daxili siyasətlə bağlı ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik və sabitlik təmin edilməlidir. Təhlükəsizlik və sabitlik. Bu iki amil olmasa heç bir ölkə inkişaf edə bilməz. Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, - dünyada gedən prosesləri biz görürük, - bu, yüksək qiymətə layiq olmalıdır. Sabitliyə gəldikdə isə, bunun təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqı dövlət siyasətini dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir və əlbəttə, Azərbaycan xalqı ölkəmizin seçiminə sadiqdir. Azərbaycan xalqı istəyir ki, sabitlik möhkəmlənsin, Azərbaycan daha da güclənsin. Ona görə sabitliyin təminatçısı Azərbaycan xalqıdır, onun iradəsidir.

Demokratiyanın inkişafı hər bir ölkə üçün böyük önəm daşıyır, o cümlədən Azərbaycan üçün. Hesab edirəm ki, biz bu istiqamətdə də böyük uğurlara nail olmuşuq. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu da qarşıya bir vəzifə kimi qoyulur ki, biz gələcəkdə də demokratik inkişafa sadiq olmalıyıq.

Əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz və biz bunu yaxın tarixdən görürük. Ancaq indi bunu bütün dünya görür. Həm MDB məkanında, Avropada, Yaxın Şərqdə, həm də bizim qonşuluğumuzda çox təhlükəli proseslər gedir. Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb. Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır.

Mübarizə üsullarına gəldikdə isə burada da heç bir innovasiya, yenilik yoxdur, köhnə, şablon, trafaret ittihamlar, əsassız iftiralar, uydurmalar, provokasiyalar, yalan, böhtan. Biz artıq bütün bunlara öyrəşmişik. Bunların heç biri bizim siyasətimizə və iradəmizə zərrə qədər təsir edə bilməz. Ancaq mən bir daha demək istəyirəm ki, demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur. Azərbaycan bu istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz etiraf etməliyik, hələ ki, görüləsi işlər çoxdur. Heç bir cəmiyyət kamil deyil. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. 

Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilibdir. Bu da xüsusilə indiki şəraitdə dünyaya bir mesajdır. Azərbaycan cəmiyyəti əsrlər boyu multikulturalizm şəraitində yaşayır. Hələ bu ifadə yaranmadan biz milli barışıq, tolerantlıq, qarşılıqlı dəstək və hörmət şəraitində yaşayırdıq. Bu gün bizim nümunəmiz dünyada öyrənilir və dəstəklənir. Biz çalışacağıq və çalışmalıyıq, - bunu da qarşıya vəzifə kimi qoyuram, - həm Azərbaycan təcrübəsi dünyada daha da geniş şəkildə təbliğ edilsin, həm də biz bu təcrübəni digər ölkələrlə paylaşaq ki, dini, milli dözümlülük, tolerantlıq, multikulturalizm meyilləri güclənsin. Əks təqdirdə, bu, bizə də problemlər yarada bilər. Çünki biz adada yaşamırıq və istər-istəməz xarici təsir də mümkündür. Necə ki, biz təsir edirik, Azərbaycana da təbii olaraq, media və digər vasitələrlə təsir göstərilir. Ona görə biz əlbəttə, maraqlıyıq ki, bölgədə və dünyada multikulturalizm meyilləri güclənsin. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.

Xarici siyasətə gəldikdə, bizim siyasətimiz müstəqil siyasətdir, Azərbaycan xalqının maraqlarını təmin edir və uğurla təmin edir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq və Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Qonşularla münasibətlərimiz bizim üçün prioritet təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, belə olmalıdır. Çünki biz bu coğrafiyada, bu qonşuluqda yaşayırıq. Biz maraqlıyıq ki, qonşuluqda sabitlik olsun, inkişaf getsin, xoşagəlməz hallar, təhlükələr olmasın. Qonşularımızın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Əgər qonşunun evi yanırsa, təbii olaraq, ilk növbədə, sən gedib qonşuya yardım edirsən. Digər tərəfdən sən özünü qoruyursan. Siyasətdə də belədir. Ona görə bizim qonşularla münasibətlərimiz formalaşıb, oturuşub və çox gözəl münasibətlərdir. Türkiyə, Rusiya, İran və Gürcüstan ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda çox gözəl siyasi-iqtisadi, mədəni əlaqələrimiz var. Bu əlaqələr bizim üçün çox önəmlidir. Qonşular da bizə eyni mövqedən yanaşır. Biz bu əlaqələri gələcəkdə prioritet kimi daim diqqət mərkəzində saxlamalıyıq. Biz bu əlaqələri gücləndirmək üçün nə lazımdırsa edəcəyik. Bununla bərabər, biz üçtərəfli formatda da işləyirik. Bu üçtərəfli formatın yaradılmasının təşəbbüskarı da biz olmuşuq. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya. Bütün qonşularla ayrı-ayrılıqda üçtərəfli format artıq formalaşıb və bu, sadəcə olaraq formal xarakter daşımır. Çünki bu üçtərəfli əməkdaşlıq çərçivəsində bir çox önəmli məsələlər həll olunur, təhlükəsizliklə, iqtisadi əməkdaşlıqla, enerji və nəqliyyatla bağlı layihələr icra edilir. Yəni, bu əməkdaşlıq bizə də, qonşularımıza da böyük xeyir gətirir.

Müsəlman ölkələri ilə əməkdaşlığımız həmişə ən yüksək səviyyədə olmuşdur. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Beynəlxalq arenada, BMT-də bizi ən çox dəstəkləyən məhz müsəlman ölkələridir, biz də onları dəstəkləyirik. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qəbul edilmiş qətnamə Azərbaycanı birmənalı şəkildə dəstəklədi, Ermənistanın təcavüzünü, aprel təxribatını qətiyyətlə pislədi və bununla bərabər, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupunu da yaratmışdır. Bu əməkdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq tarixə, mədəniyyətə, dinə, ortaq maraqlara əsaslanır və daim diqqət mərkəzində olmalıdır.

Avropa ölkələri ilə də bizim əməkdaşlığımız genişlənir. Həm ikitərəfli formatda çox gözəl əlaqələrimiz var, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı istiqamətində böyük işlər görülür, görülübdür. Hazırda münasibətlər yüksələn xətlə inkişaf edir. Bu, bizi sevindirir, əminəm ki, Avropa qurumlarını da sevindirir. Avropa İttifaqının üzvü olan 8 ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər imzalanıb və ya qəbul edilib. Bu, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Bütövlükdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Ümid edirəm ki, yaxın zamanlarda ciddi danışıqlar başlanacaqdır.

Əlbəttə, xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır. Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur. Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik.

O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır.

Bir daha demək istəyirəm ki, Azərbaycan dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi bir ölkədir. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi, millətçi qruplar, Azərbaycana daim nifrətlə yanaşan insanlar bütün bu müsbət meyilləri pozmaq, üzərindən xətt çəkmək istəyirlər. Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və hesab edirəm ki, Vyana görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni, mənalı danışıqlar başlasın.

Bununla bərabər, əlbəttə, biz gələcəkdə də hərbi gücümüzü artırmalıyıq və artırırıq. Neçə ildir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. Mən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin.

Əlbəttə, bütün bu nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyat olmalıdır. Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf çox sürətli idi. İndi isə biz yeni dövrdə yaşayırıq. Dünyada iqtisadi, maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir, gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər, biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu çətinliyi aradan götürürük.

2016-cı il sabitləşmə ili olmalıdır. Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq.

Əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq, biz maaşları, pensiyaları 10 faiz artırmışıq. Bu, nəyi göstərir? İlk növbədə, bizim siyasətimizi, - həmişə demişəm ki, biz sosial siyasət aparırıq, - digər tərəfdən, bizim imkanlarımızı. Bizim kifayət qədər imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq. Bu ilin əvvəlində hesab olunurdu ki, bizim Neft Fondunun gəlirləri, yəni, vəsaiti azalacaq, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır, xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. O resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan səmərəli istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq gətirilibdir. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik. Həm cəmiyyətdə, həm ekspert səviyyəsində ciddi diskussiyalar gedir. Mən bunu alqışlayıram. Mən ekspertlərlə dəfələrlə görüşmüşəm və yeni fikirlər, yeni təkliflər ortaya çıxır. Biz bütün bunları təhlil edirik və ən düzgün variantı seçirik.

Ölkə iqtisadiyyatı dayanıqlı inkişaf etməlidir. Neft amilindən asılılıq aradan götürülməlidir. Hesab edirəm, hələ bizə bir neçə il lazımdır ki, bu hədəfə çataq və çatacağıq. Bu il həm sənaye potensialının artırılması, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul olunub və konkret addımlar atılıbdır ki, bunlar özünü statistik göstəricilərdə də büruzə verəcək.

Əlbəttə, bu ilin sonuna qədər “Cənub” qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir. Heç bir yubanma olmamalıdır. Bizim kifayət qədər maliyyə resurslarımız var. Eyni zamanda, biz xarici bazarlardan maliyyə resursları cəlb etmişik. Özü də qısa müddət ərzində. Heç bir həftə keçmədi. Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib. Bu, nəyi göstərir? Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik. Yəni, bizim xarici borcumuz aşağı səviyyədə, maliyyə vəziyyətimiz və valyuta ehtiyatlarımız isə yüksək səviyyədə olduğuna görə belə imkanlarımız var. Eyni zamanda, biz öz vəsaitimizi qoyuruq və qoymalıyıq. Kifayət qədər böyük vəsaitdir. Ancaq “Cənub” qaz dəhlizi strateji layihədir. Bu, imkan verəcək ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər əldə edək və bu, yeni bir əməkdaşlıq formatıdır.

“Cənub” qaz dəhlizində iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilir. Bu müttəfiqlik regionumuzdan kənara çıxır. Bu, bizim maraqlarımıza xidmət göstərir. Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilir və biz də çox böyük bazar əldə etmiş oluruq. Ona görə “Cənub” qaz dəhlizinin qrafik üzrə icra edilməsi daim diqqət mərkəzindədir. Mənə mütəmadi qaydada məruzələr edilir. Əminəm ki, biz bu layihəni qrafik əsasında icra edəcəyik.

Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi gözlənilir. Bildiyiniz kimi, Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Məndə olan məlumata görə, bu yol bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və Azərbaycana çox böyük fayda gətirəcək.

Bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını cəlb etməyə hazırdır.

Ölkə qarşısında duran əsas vəzifələr bundan ibarətdir. Mən heç şübhə etmirəm ki, ilin sonuna qədər bütün bu vəzifələr icra olunacaq. Biz 2016-cı ili də uğurla başa vuracağıq. Hesab edirəm ki, ondan sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır.

Bütün bunlar, bütün bu nailiyyətlər ancaq müstəqillik dövründə mümkün olmuşdur. Müstəqilliyin əhəmiyyəti bu gün göz qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Biz öz taleyimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq. Bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274