SIĞORTA

İcbari tibbi sığorta ilə əməliyyat da – MÜMKÜN OLACAQ
21 MAY
539

İcbari tibbi sığorta ilə əməliyyat da – MÜMKÜN OLACAQ

2016-05-21 12:30:00

Bu ilin fevralında fəaliyyətə başlayan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilkin mərhələdə vətəndaşları daha çox narahat edən xəstəliklərdən ibarət tibbi sığorta paketi formalaşdırmağı nəzərdə tutur.

Fins.az «Qafqazinfo»ya istinadən xəbər verir ki, bu barədə agentliyin jurnalistlər üçün keçirdiyi təlimdə qrumun rəhbəri Zaur Əliyev məlumat verib. Agentlik rəhbərinin fikrincə, qurumun əsasnaməsi bu ilin fevralında ölkə rəhbəri tərəfindən təsdiq olunsa da, tam fəaliyyət planını açıqlamaq hələ tezdir. “İcbari Tibbi sığorta sistemini qurmaq böyük zaman tələb işdir. Bu səbəbdən hələ ki ilkin sığorta paketlərinin hazırlanması üzərində iş gedir, ora hansı xəstəliklərin müalicəsinin, tibbi xidmətlərin daxil edilməsi barədə düşünülür. Agentliyin əsas amalı tibbi sığortanın tətbiq ilə əhalinin bütün təbəqələrini keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin etməkdə vasitəçi olmaqdır.”
Z.Əliyev bildirib ki, artıq Səhiyyə Nazirliyindən, özəl tibb müəssisələrindən müvafiq statistik məlumatlar toplanılıb. Hazırda Agentlik tərəfindən Azərbaycan vətəndaşlarının daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyi araşdırılır.
Z.Əliyev qeyd edib ki, ilkin monitorinqin nəticələrinə görə, müalicəsi daha çox maliyyə vəsaiti tələb edən, lakin dövlət proqramı tərəfindən təminat verilməyən xəstəlikləri arasında qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxdur, eyni zamanda onların əməliyyatları böyük xərc tələb edir. İlkin müşahidələrimizə əsasən, katarakta, insult ölkəmizdə geniş yayılmış xəstəliklərdir. Sadaladığım xəstəliklərin heç biri ilə bağlı dövlət proqramı yoxdur. Ona görə də bu xəstəliklərin müayinəsini, müalicəsini ilkin səhiyyə paketinə daxil etməyi düşünürük. Bunun əksinə olaraq, onkoloji, şəkərli diabet xəstələrin preparatlarla təminatı üzrə tədbirlər prpqramı mövcuddur, bu xəstəliklərdən əziyyət çəkənlər dövlət tərəfindən təminat alırlar. Bizim Səhiyyə Nazirliyi ilə danışıqlarımız davam edir İstəyirik ki, dövlət proqramlarına daxil olmayan xəstəlikləri ilkin xidmət paketinə daxil edək".
Z.Əliyev qeyd edib ki, paketin hazırlanması zamanı ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə, o cümlədən xəstəliklərin erkən aşkarlanmasına daha çox üstünlük veriləcək: "Çünki xəstəliklərin ağırlaşma həddi yüksəldikdə həmin xəstəliklərin müalicəsinə daha çox vəsait tələb olunur və dövlət proqramlarının hazırlanmasına zərurət yaranır.”
Z.Əliyev onu da deyib ki, paketə çox vəsait tələb edən müayinələrin, əməliyyatların da daxil edilməsi nəzərdə tutulur: "Biz bu məsələyə baxırıq. Çalışacağıq ki, böyük məsrəf tələb edən əməliyyatları da paketə daxil edək. “Əsas məqsəd əhaliyə vahid paket təqdim etməkdir: "Agentliyin imkanları genişləndikcə paket də genişlənəcək və hamının həmin təminatdan bərabər istifadə edə bilmək hüququ olacaq".
Z.Əliyev bildirib ki, sistemin tətbiqindən sonra sığortalanan vətəndaş xəstəxanaya getdikdə bütün xidmətlərdən pulsuz istifadə edə bilməyəcək: "Amma Agentliyin maliyyə potensialı gücləndikcə xidmətlər paketi genişlənəcək. Əhalidən toplanacaq icbari sığorta xərclərinin məbləği barədə də hələlik dəqiq rəqəm söyləmək tezdir. İlk işimizə pilot layihə ilə başlanılacaq. Çünki birdən-birə icbari tibbi sığortanı tətbiq etmək mümkün deyil. 2017-ci ildə başlayacaq pilot layihəni 7-8 ay davam etdirmək nəzərdə tutulur. 2018-ci ildə artıq əhalinin icbari tibbi sığortaya cəlb olunması prosesini başlatmaq proqnozlaşdırılır.”
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin hüquqları arasında tibb müəsisələrinin akkreditasiyasında iştirakı da var. Agentlik bu məsələdə də əhalinin mənafeyinə uyğun şəkildə rəy verməyə çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275