PR

Orhan Gültekin: İş həyatında “birləşdirici” rəhbərlərə ehtiyacımız var
01 NOYABR
165

Orhan Gültekin: İş həyatında “birləşdirici” rəhbərlərə ehtiyacımız var

2018-11-01 18:48:00

Noyabrın 2-də baş tutacaq Biznes İdarəçiliyi Forumu (BİF) ərəfəsində “Rabitəbank”ın satış sahəsi üzrə İdarə Heyəti Sədrinin Müavini Orhan Gültekin ilə müsahibəsini təqdim edir.

- Orxan bəy, zəhmət olmasa karyeranız haqqında məlumat verə bilərsinizmi?

İş həyatıma 1993-cü ildə Türkiyədə başlamışam. 25 ildir ki, bank sahəsindəyəm. Türkiyədə “Koçbank”, “Garanti Bank” və “Yapı Kredi Bank”da satış sahəsi üzrə rəhbər vazifələrdə çalışmışam. 6-ildir ki, Azərbaycandayam və bu ilin əvvəlindən “Rabitəbank”da satış sahəsi üzrə İdarə Heyəti Sədrinin müavini vazifəsində çalışıram.

- Karyerasını bank sektorunda qurmaq istəyən gənclərə nə demək istərdiniz?

Bank sahəsi sistemli şəkildə inkişaf edən bir sektordur. Bir tərəfdə ənənəvi bank məhsulları müştərinin ehtiyacları ilə paralel olaraq dəyişir və inkişaf edir, digər tərəfdən rəqəmsallaşma və alternativ satış kanalları sürətlə genişlənir. Ancaq, dəyişməyən sadəcə bir şey var, o da xidmət keyfiyyətidir. Bizim məqsədimiz hər zaman müştərilərimizə ən yüksək səviyyədə xidmət göstərməkdir.

Bu səbəbdən, bank sektorunda işləmək istəyən gənclərin yüksək məsuliyyətli olmaları və ən əsası insan əlaqələri və sosial münasibətlərinin güclü olması əsas şərtdir.

- Sizcə, ideal rəhbərdə hansi xüsusiyyətlər olmalıdır?

Məncə, iş həyatında “birləşdirici” rəhbərlərə ehtiyacımız var. Bu səbəbdən, mənim fikrimcə ideal rəhbər olmağınız üçün üç başlıca keyfiyyət çox əhəmiyyətlidir:

Birincisi, ədalətli olmalısınız. Bir şirkətdə rəhbər vazifəsində işləyirsinizsə, ədalətli olmağınız gözlənilir, çünki bütün güc sizdədir. İkincisi, savadlı olmalısınız. Ədalətli ola bilmək və idarəetmənizin güclü olması üçün gördüyünüz işi və insani keyfiyyətləri yaxşı bilməlisiniz. Üçüncüsü, isə ilhamlandırıcı olmalısınız. Çünki, rəhbərin mədəni keyfiyyəti və komandaya münasibəti işçilərin şirkətə inam və etibarını artırır. “Birləşdirən” rəhbərlər bu üç keyfiyyətə sahib olanlardır.

- Orxan bəy, BIF 2018-dəki çıxışınızdan bəhs edərdiniz. Hansı mövzu və məsələlərə toxunacaqsınız?

BIF 2018-dəki çıxışımda Biznes idarəçiliyində lider və rəhbərlərin idarəetmədəki əhəmiyyətindən söz açacağam. Biznes sahəsi qaydalar, qanunlar, metodologiya və strategiyalarla idarə edilməlidir. Ancaq bunların hamısını nə qədər düzgün müəyyən etsəniz, rəhbərin irəli baxışı və keyfiyyəti buna uyğun deyilsə, uğur qazanmaq çox çətindir. Keçmişin idarəetmə sistemləri və mentalitetinə sahib olan rəhbərlərlə gələcəyin strategiyalarını icra etmək mənim fikrimcə mümkün deyildir. Mən də bu forumda dəyişikliyi idarə edə biləcək rəhbərlər mövzusuna toxunacağam.

Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258