NƏQLİYYAT

Bu sürücülər Bakıda avtobus idarə edə bilməyəcək - YENİ TƏLƏBLƏR
11 MART
187

Bu sürücülər Bakıda avtobus idarə edə bilməyəcək - YENİ TƏLƏBLƏR

2019-03-11 18:10:00

Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobusların sürücülərinə dair tələblər açıqlanıb.

Fins.az-ın ONA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.

Beləliklə, avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan) və yaxud “DE” kateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) və daşıyıcı ilə əmək müqaviləsi olan sürücülər buraxılacaqlar.

Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.

Avtobusların sürücülərinin xüsusi hazırlığı və yenidən hazırlığı Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən olunan qaydada və dövrilikdə təşkil ediləcək və keçiriləcək. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı, zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdırlar. Avtobus sürücüsü avtobusu marşrutun hərəkət intervalına uyğun olaraq yalnız ilk və son dayanacaq məntəqəsində sərnişinlərin minib-düşməsi üçün lazım olandan artıq müddətə dayandırıb gözləyə bilər. Bütün aralıq dayanacaq məntəqələrində avtobus sürücüsü avtobusu yalnız sərnişinlərin minib-düşməsi üçün zəruri olan müddətdə dayandırmalıdır. Sürücü avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində dayandırmalıdır. Dayanacaq məntəqəsində olan son sərnişin mindikdən və ya orada düşməli olan son sərnişin düşdükdən dərhal sonra sürücü avtobusun qapılarını bağlayaraq hərəkətinə davam etməlidir. Avtobusu dayanacaq məntəqəsində çıxışa yaxın yerdə dayandırmaq lazımdır. Avtobusu müvafiq marşrut üzrə nəzərdə tutulan dayanacaq məntəqələrindən kənarda sərnişini mindirib-düşürmək məqsədi ilə dayandırmaq, habelə dayanacaq məntəqəsində dayanmış avtobus varsa, ondan qabağa keçərək dayandırmaq qadağandır.

Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri sərnişinlərlə nəzakətli rəftar etməli, nəqliyyat vasitəsində, marşrut boyu yol şəraitində yaranan bütün problemlər barədə dərhal daşıyıcının səlahiyyətli şəxsinə məlumat verməli, yol-nəqliyyat hadisəsi, yanğın və başqa fövqəladə hadisələr baş verdikdə və ya sərnişinin səhhətində ciddi problem olduqda, dərhal müvafiq xidmətlərə (polis, yanğından mühafizə xidməti, təcili tibbi yardım xidməti) məlumat verməli, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirlər görməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264