KADR İŞİ

Eldar Əzizov Bakı meri təyin olundu - SƏRƏNCAM
15 NOYABR
447

Eldar Əzizov Bakı meri təyin olundu - SƏRƏNCAM

2018-11-15 18:16:00

Prezident İlham Əliyev Eldar Əzizovla bağlı sərəncam verib.

Modern.az xəbər verir ki, sərəncama görə, Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E. Əzizov bir müddətdir Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi.

Modern.az Eldar Əzizovun tərcümeyi-halını təqdim edir:

Eldar Əziz oğlu Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə  diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 

1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.
1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər İcra  Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra  Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra  Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayında Səbail rayon İcra Hakimiyyətinin başçısı işləyib.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib, 1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.

 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256