ƏMLAK

Rəqabətli 16 iyul hərracı: 11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16 İYUL
215

Rəqabətli 16 iyul hərracı: 11 dövlət əmlakı üzrə 14 sifariş verilib

2019-07-16 13:14:00

Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlaklarının özəlləşdirilməsində tətbiq etdiyi innovativ hərrac sistemi prosesdə iştirakı investorlar üçün daha əlçatan edir. Hərraca çıxarılmış bütün dövlət əmlakları üzrə elektron seçim və sifariş, o cümlədən özəlləşmədə virtual iştirak imkanı hər kəs üçün hərraclara onlayn qoşulmaq fürsətləri yaradır. Açıq və şəffaf hərraclardakı müasir şərait investorların dövlət əmlaklarının özəlləşdirməsinə marağını artırmağa, eləcə də vətəndaş məmnuniyyətinin və rahatlığının təminatına yönəlib. Eyni zamanda bu üstünlüklər özəlləşdirməni sürətləndirir, fərqli iqtisadi sahələr üzrə yeni biznes obyektlərinin yaranmasına və inkişafına dəstək verir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 iyul tarixində növbəti hərrac keçirildi. Bu dəfə 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəqabətli hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri və yarımçıq tikili kimi dövlət əmlakları özəlləşdirildi. Kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir. Faydalı sahəsi 87.4 kv.m olan obyekt hərrac iştirakçısı tərəfindən 6 min 250 manata özəlləşdirildi.

Ofis və ya xidmət obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri isə Bakı və Sumqayıtda yerləşir. Paytaxtın Sabunçu qəsəbəsindəki dövlət əmlakı üzrə hərracda 2 sifarişçi iştirak etdi. Rəqabətli mühit yaradan bu dövlət əmlakının ilkin hərrac qiyməti 9 min manat olsa da sonda 9 min 600 manat təklif edən qalib iştirakçı qeyri-yaşayış sahəsini özəlləşdirdi.

Özəlləşdirilən nəqliyyat vasitələrindən birinin hərracı da 3 nəfərin iştirakı ilə rəqabətli keçdi. İlkin hərrac qiyməti 3 min manat olan Nissan Maxima markalı avtomobilə yekun qiymət olaraq 3 min 700 manat təklif edən vətəndaş hərrac qalibi oldu.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində komitə tərəfindən ümumilikdə 78 hərrac keçirilmiş, 270-ə yaxın dövlət əmlakı özəlləşdirilmişdi. 62 dövlət əmlakı rəqabətli hərracda özəlləşdirilib. 74 dövlət əmlakı üzrə sifarişlər elektron formada verilmiş, 4 dövlət əmlakının hərracında sifarişçilər “Elektron hərrac” proqram təminatı vasitəsilə onlayn formada iştirak etmişdir.

Komitənin təşkil etdiyi növbəti hərraclardan biri 23 iyul tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək, seçim etdikdən sonra hər kəs sifarişi elektron formada verərək hərrac iştirakçısı statusu qazana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır