ƏMLAK

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək
04 APREL
163

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

2019-04-04 12:36:00

Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" fərman imzalayıb.

Fins.az-ın məlumatına görə, sənəddə Nazirlər Kabinetinə digər qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşılıb. Eyni zamanda, Nazirlər Kabineti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində nəzərdə tutulmuş elektron çıxarışın məzmunu barədə təkliflərini 1 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Fərmanda Əmlak Məsələləri Dövlət Komitəsinə aşağıdakı tapşırıqlar verilib:

  1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların elektron qaydada tərtib olunmasının üstünlükləri və onun xüsusiyyətləri barədə ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etsin;
  2. Daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə hüquq sahibinə elektron informasiya sistemləri vasitəsilə məlumat verilməsini təmin etsin;
  3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Elektron hökumət" portalında yerləşdirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı hüquq sahibinin həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanını 15 gün müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Kağız daşıyıcıda olan sənəd formasında təqdim olunmuş ərizələr və hüquqların
dövlət qeydiyyatı üçün digər sənədlər elektron formada aparılan dövlət reyestrinə
daxil edilməsi üçün qeydiyyat orqanı tərəfindən elektron təsvir formasına keçirilir

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna dəyişikliklər edilməsi barədə" Qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna dəyişiklikdən sonra daşınmaz əmlaka dair bütün çıxarışlar vətəndaşlara elektron qaydada veriləcək. Qanuna əlavə edilmiş 12.1-ci maddəyə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə "Elektron hökumət" portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq, çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

Qanunda göstərilib ki, dövlət reyestri elektron formada "Elektron imza və elektron sənəd haqqında" Qanunun tələblərinə riayət edilməklə aparılır. Kağız daşıyıcıda olan sənəd formasında təqdim olunmuş ərizələr və hüquqların dövlət qeydiyyatı üçün digər sənədlər elektron formada aparılan dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanı tərəfindən elektron təsvir formasına keçirilir.

Sənəddə elektron sistemə daxil edilən məlumatların qorunması və təhlükəsizlyinin təmin olunması ilə bağlı tədbirlər də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267