ƏMLAK

Xızıdakı torpaqlara «kupça» verilib
05 AVQUST
256

Xızıdakı torpaqlara «kupça» verilib

2016-08-05 14:36:00

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi üçün tədbirləri yenilikləri davam etdirir. Bu tədbirlər çərçivəsində avqustun 5-də Xızı rayonunun Yeni Yaşma kəndində «Kütləvi çıxarış» kampaniyası keçirilib. Komitədən fins.az-a verilən məlumata görə, bu dəfəki kampaniyanın özəlliyi vaxtilə kənddə 295 ailəyə ayrılmış, lakin faktiki və sənəd uyğunsuzluğu səbəbindən çıxarış verilməsi mümkün olmayan həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi olub. Belə ki, komitə tərəfindən belə torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq yerquruluşu, inventarlaşdırma və kadastr işləri aparılıb. Bununla da, faktiki və sənəd uyğunsuzluqları aradan qalxıb və əmlak hüquqlarının qeydiyyatı hüquqi cəhətdən mümkün vəziyyətə gəlib. 

Beləliklə, kampaniya çərçivəsində ilkin mərhələdə kəndin 100-ə yaxın sakininə onların mülkiyyyətinə dair hazır çıxarışların verilməsi ilə kəndin bütün sakinlərinin torpaqlarının tamamilə sənədləşdirilməsinə başlanıb. Kəndin qalan sakinlərindən isə çıxarışla əvəz olunması üçün ilkin hüquqi sənədlər qəbul edilib. Bu tədbirlərin yekunlaşması ilə Yeni Yaşma kəndindəki bütün torpaqların sənədləşdirilməsi işi bitmiş olacaq.

Qeyd edək ki, «Kütləvi çıxarış» kampaniyasının və mobil ofis xidmətlərinin ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Belə ki, start veriləndən etibarən kampaniya çərçivəsində hətta ən ucqar kəndlər də daxil olmaqla, yüzlərlə yaşayış məntəqəsinin sakinləri əmlaklarını sənədləşdirə biliblər. 

Kampaniya sayəsində vətəndaşlar qeydiyyat üçün əlavə vaxt sərf etmirlər, gündəlik işlərindən ayrılmadan bilavasitə öz ünvanlarında qeydiyyat xidmətlərindən yararlana bilirlər. 

Xatırladaq ki, kampaniya zamanı qeydiyyat prosedurları, həmçinin sənədlərində hər hansı çatışmazlıqlarla bağlı vətəndaşlara biavasitə yerlərdə hüquqi xidmətlər göstərilir. Onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilir. Vətəndaşlara əmlakın qeydiyyatının faydaları, qeydiyyatın gətirdiyi üstünlüklər və rahatlıqlar barədə məlumatlar çatdırılır. 

Qeyd edək ki, komitə bu sosial tədbirlərlə yanaşı, vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron və onlayn xidmətlər də təqdim edir. Bu elektron xidmət istifadəçilərinin sayının ildən-ilə yüksəlməsi qeydiyyata və elektron xidmətlərə olan marağın göstəricisidir. Bu ilin ötən 6 ayında elektron xidmətlər vasitəsilə vətəndaşlardan 79 mindən çox müraciət daxil olub və təmin edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274