BÜDCƏ

Maliyyə Nazirliyində kollegiya iclası - QƏNAƏT DAVAM EDƏCƏK
22 İYUL
432

Maliyyə Nazirliyində kollegiya iclası - QƏNAƏT DAVAM EDƏCƏK

2016-07-22 15:43:00

İyulun 22-də Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezidenti İlham Əliyevin verdiyi tapşırıqlar və 2017-ci ilin dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəriciləri və digər məsələlər müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifov 2016-cı ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından danışaraq bildirib ki, qlobal səviyyədə davam edən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda yaranmış yeni iqtisadi şəraitdə prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəlki illərdə qazanılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, habelə idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində xarici təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimuma endirilib.

İclasda bildirilib ki, ilk 6 ayda dövlət büdcəsinin gəlirləri 6133,8 milyon manat, xərcləri 6821,5 milyon manat olub. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb. Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi üçün işlərin 2016-cü ilin ilk yarısında da davam etdirildiyini vurğulayan nazir qeyd edib ki, yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər tam və vaxtında maliyyələşdirilib.

Nazir qeyd edib ki, cari ilin ikinci yarsında da sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

Nazir Samir Şərifov bildirib ki, 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin ilkin layihəsi hazırlanaraq Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına göndərilib.

2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin layihəsində prioritet xərclərin əsas istiqamətlərindən danışan nazir bu sırada sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin və bu qəbildən olan həssas qrupun sosial rifahının yaxşılaşdırılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin icrası, regionların sosial-iqtisadi inkişafının, qeyri-neft sektorunun stimullaşdırılması, aqrar sektora dövlət qayğısının artırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi, sənaye və kənd təsərrüftaının aparıcı sahələrinin inkişaf etdirilməsi və bu sahələrə birbaşa məqsədli subsidiyaların verilməsi, yeni istehsal və xidmət sahələrinin genişləndirilməsi, habelə ölkə ərazisində və xaricdə keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli tədbirlərin, dövlətin borc və öhdəlikləri və dövlət proqramlarının həyata keçirilməsi üçün maliyyə təminatlarının yaradılmasını önə çəkib.

Nazir bildirib ki, prezident ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, bəzi aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün hökumət qarşısında ciddi vəzifələr qoyub. Bu konteksdə qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, hər bir xərc maddəsi üzrə ciddi nəzarətin və qənaət rejiminin tətbiq edilməsinin əsas strateji xətt olaraq müəyyən edilib.

Kollegiya iclasında Maliyyə Nazirliyinin Apelyasiya Şurasının 2016-cı ilin 1-ci yarım ili üçün hesabatı da dinlənilib. Maliyyə nazirinin müavini, Apelyasiya Şurasının sədri Azər Bayramov bildirib ki, qısa müddət ərzində Maliyyə Nazirliyinin Apellyasiya Şurasının üzərinə qoyulmuş vəzifələrin icrası məqsədilə Şuranın təşkilati məsələləri həll edilib, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyəti effektiv şəkildə qurularaq sahibkarların müraciətlərinə baxılması işində səmərəlilik təmin edilib. Qeyd edilib ki, cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub.

İclasda həmçinin, Maliyyə Nazirliyində struktur dəyişikliklərin aparılması tədbirləri və kollegiyanın yeni tərkibinin təsdiq edilməsi, “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin müvafiq qərarına dəyişikliklər, dövlət vəsaitinin təyinatdankənar istifadəsinə və büdcə təşkilatlarının fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı məsələlər də müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Sonra Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 5 nəfər əməkdaşına medallar təqdim olunub. www.bilikli.net

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272