BÜDCƏ

Vergilər Nazirliyi planlarını - AÇIQLADI
18 İYUL
225

Vergilər Nazirliyi planlarını - AÇIQLADI

2016-07-18 11:29:00

Vergilər Nazirliyində ilin ilk altı ayının nəticələrinə həsr edilmiş kollegiya iclası keçirilib. Nazirlikdən fins.az-a verilən məlumata görə, iclasda vergilər naziri Fazil Məmmədov bildirib ki, F. Məmmədov bildirib ki, yaranmış yeni iqtisadi şəraitdə ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün bir sıra islahatların aparılmasını zəruri edib. Sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi üçün cari ilin əvvəlindən başlayaraq, həm qanunvericilik sahəsində, həm də inzibatı idarəetmə sistemində ciddi islahatlar aparılıb, sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti, yoxlamaların sayının minimuma endirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi yükünün azaldılması, biznes mühitində şəffaflığın təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstəyin artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. 

2016-cı ilin birinci yarımilliyində dövlət büdcəsinə 3 milyard 190.1 milyon manat vəsait toplanaraq proqnoza 102 faiz əməl edilib. Bu vergilərin 929 milyon manatı və ya 29,1 faizi dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9 faizi qeyri-dövlət sektorundan daxil olub. 

Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 milyard 495,4 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,1 milyon manat və ya 9,4% çoxdur. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 bənd artaraq 78,2 faiz təşkil edib. 

Eləcə də, bu dövrdə regionlar üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib və ümumilikdə, regionlardan vergi daxilolmaları 275,3 milyon manat təşkil edib. F.Məmmədov qeyd edib ki, onun ötən ilin noyabr ayından kiçik sahibkarlıq subyektlərində vergi yoxlamalarının dayandırılması barədəki əmrindən sonra cari ilin 6 ayı ərzində ümumilikdə vergi nəzarəti tədbirlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, o cümlədən səyyar vergi yoxlamalarının sayı 2 dəfə, kameral vergi yoxlamalarının sayı 2,6 dəfə, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 7,4 dəfə azalıb. 

Kollegiya iclasında Vergilər nazirinin müavini İlkin Vəliyev əlavə vergi mənbələrinin müəyyən olunması, Vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi Natiq Şirinov mövcud vergi potensialının tam həcmdə vergiyə cəlb edilməsi, bu sahədə şəffaflığın təmin olunması ilə bağlı görülən işlər barədə məruzələrlə çıxış ediblər.  Eləcə də ölkə başçısının tapşırıqlarına uyğun olaraq cari ilin sonuna kimi real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi öhdəliklərinə əməl olunması, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi sahəsində mövcud vəziyyət ətraflı müzakirə edilib. 

Kollegiya iclasında vergilər naziri Fazil Məmmədov müzakirə edilən məsələlərlə bağlı konkret Tədbirlər Planı layihəsinin hazırlanması barədə tapşırıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275