BİZNES

Cavid Axundov: "Startaplar "Qazan" layihəsi çərçivəsində IMIC ilə birlikdə çalışmaq imkanı əldə edəcəklər"
05 APREL
620

Cavid Axundov: "Startaplar "Qazan" layihəsi çərçivəsində IMIC ilə birlikdə çalışmaq imkanı əldə edəcəklər"

2019-04-05 16:24:00

Fins.az  Azərbaycanda fəaliyyət göstərdiyi sahədə böyük uğurlar qazanmış, İMİC şirkətinin icraçı direktoru Cavid Axundovla birgə olan müsahibəni təqdim edir.

Başçılıq etdiyiniz şirkətlə bağlı daha ətraflı məlumat verin- İMİC şirkəti nə işlə məşğuldur?

İMİC investisiya üçün geniş həll yolları və xidmətləri təklif etməklə geniş spektri əhatə edən aktiv siniflərinə aid investisiyaları idarə edir və portfoliosuna iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən uğurlu şirkətlər daxildir. Şirkətin idarə olunması biznesin ümumi inkişaf strategiyası düzgün qurulması, şirkətlərarası əlaqənin koordinasiya edilməsi, konsaltinq və biznesin idarə edilməsi xidmətləri, həmçinin yeni aktiv və məhsulların inkişafı üçün investisiya tələblərinin ödənilməsi kimi xidmət növləri təqdim edir. Bütün aktivlər vahid mərkəzdən idarə olunan iqtisadi sistem kimi fəaliyyət göstərir. İnvestisiyalar ilə bağlı qərarlar Azərbaycandaki biznes-mühiti  dinamikasının İMİC-nin yüksək ixtisaslı komandası tərəfindən araşdırılıb, analiz etməsindən sonra verilir. Şirkətimiz xüsusilə də, nou-hau ( know-how) texnologiyaları, yüksək texnologiyalı həll yolları və alternativ üsulları, eləcə də ideyaları Azərbaycanın işgüzar mühitinə tanıtmağa maraq göstərir.

Cavid bəy, bəs Azərbaycanın bugünkü reallığında biznes-mühitilə bağlı düşüncələriniz nələrdir? Azərbaycanda bu gün kiçik və orta sahibkarlıq hansı vəziyyətdədir?

Sahibkarlıq fəaliyyəti hər zaman ölkə iqtisadiyyatının inkişafında böyük rol oynamışdır. Biznesin idarə olunması dinamikası həm xaricdə, həm də Azərbaycanda izlənməsi bəzən təyin edilməsi çətin olan, sürətli dəyişikliklərə məruz qalır. Bildiyimiz kimi, “DOİNG BUSİNESS” layihəsinin yeni nəşr elədiyi hesabatda Azərbaycandaki biznes mühitilə bağlı bir sıra müsbət və optimistik proqnozlar verilmişdir. Ölkəmiz 2017 və 2018-ci illərdə, dövlət tərəfindən aparılan mühüm islahatlar nəticəsində, inkişaf edən ölkələr arasında ilk onluğa daxil olmaqla böyük uğura imza atmışdır. Keçirilən islahatların böyük hissəsi institusional dəyişikliklərlə bağlıdır. (https://www.trend.az/business/economy/2973836.html). Son on il ərzində Azərbaycanda fenomenal  artım tempi nəzərə çarpmaqdadır, ancaq bəzi iqtisadi problemlər onu göstərir ki, hələ də aradan qaldırılmalı olan bir sıra məsələlər var. Neftdən asılılıq hələ də yüksək səviyyədədir və neft qiymətlərinin dəyişkənliyi Azərbaycan iqtisadiyyatını neftdən asılı edir. Buna görə iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq üçün kiçik və orta sahibkarlığın – qeyri neft sektorunun inkişafı əsas prioritetlərimizdən biri olmalıdır. Sağlam özəl sektor ölkə iqtisadiyyatının inkişafında və çiçəklənməsində fundamental amil hesab edilir. Sahibkarlıq fəaliyyətinin inkişafı ölkədə yeni iş yerləri və əlavə gəlir mənbələri yaradaraq iqtisadiyyatın inkişafına təkan verir və ölkəyə xarici investisiya axını prosesini stimullaşdırır.

Sizin fikrinizcə, niyə Azərbaycanda kiçik və orta biznesi, xüsusi ilə startaplar ekosistemini inkişaf etdirmək lazımdır?

Google, Amazon, Uber və s. kimi dünya nəhənglərinin böyük hissəsi vaxtıyla kiçik bizneslə başlayıb, bir müddət sonra isə qlobal şirkətlərə çevrilmişdirlər. Startapları kiçik sahibkarlıqdan fərqləndirən amillər yenilikçi ideyaların, həllərin, məhsul və xidmətlərin mövcudluğudur. Startapların uğurla nəticələnməsi yaradılmış məhsul və xidmətlərin innovativliyindən və ona olan tələbdən asılıdır. İsrail, İsveç, Koreya kimi bir çox ölkələrdə startaplar ölkə iqtisadiyyat böyük sıçrayış etmişdirlər. Bu gün startaplar bütün inkişaf etmiş ölkələrin iqtisadi artımında, həmçinin də əhalinin rifah halının yaxşılaşdırılmasında böyük rol oynayır. Siz, ola bilsin, təəccüblənəcəksiniz, ancaq qlobal statistika onu göstərir ki, startaplar böyük şirkət və müəssisələrdən, hətta beynəlxalq iqtisadi nəhənglərdən daha çox iş imkanları yaradır. Startaplar, ölkənin rifah səviyyəsində və ÜDM-un həcmində əhəmiyyətli dərəcədə artım göstərərək, iqtisadiyyatda texnoloji üstünlüyünü təmin edir. Məsələn, 40 il bundan əvvəl iqtisadiyyat insan resurslarından çox, təbii sərvətlərdən asılı idi. İllər keçdikcə texnologiya bu nisbəti dəyişdi. Effektiv texnologiyalara və peşəkar təcrübə bazasına malik olan, intellektual kapitala əhəmiyyət verən ölkələrin iqtisadiyyatlarında çiçəklənmə dövrü başladı.

Dövlətlərin startaplara olan dəstəyi ilə bağlı nə deyə bilərsiniz?

Onu deyə bilərəm ki, startaplar üçün vergi ödəmələri, maliyyə və lisenziyalaşdırma imkanlarına aydınlıq gətirmək və digər sahələrdə dövlət tərəfindən müəyyən addımların atılmasına böyük ehtiyac var. Azərbaycan biznes mühitinin uğurlu inkişafı üçün bütün imkanlara malikdir: əlverişli coğrafi mövqeyə, qərbə nisbətən daha aşağı qiymətlərə və istedadlı kadrlara sahibdir. Dövlət tərəfindən lazımi dəstək göstərildikdə, bu amillər startapların inkişafında əvəzsiz resurslardır. Maliyyəşdirilmə startaplar üçün çox çətin məsələ hesab edilir. Startaplar üçün investisiyanın cəlb olunması heç də asan deyil. Çox vaxt kiçik sahibkarlar uğursuzluqlarla üzləşir və buna görə də, maliyyə institutlarından kredit almaqda müəyyən çətinliklər yaşanır. Sahibkarların qarşısına çıxan vacib məsələlərdən biri də dövlət tərəfindən tənzimlənmənin zəif olmasıdır, sahibkarlar biznes əməliyyatlarının maneəsiz yerinə yetirilməsində çoxsaylı bürokratik maneələrlə üzləşir. Startap ekosistemin daha yaxşı inkişafı üçün dövlət bürokratiya əlamətlərini mümkün dərəcədə azaltmalı və qaydalara aydınlıq gətirməlidir. İqtisadi və hüquqi-normativ maneələr startapların inkişafına mane olur. İnkişaf etmiş ölkələrdə tətbiq olunan uğurlu biznes inkubasiya prosesi əlverişli mühitin mövcudluğu ilə bağlıdır. Bu, belə müəssisələrə biznesin inkişafı üçün geniş bir spektri əhatə edən resurslara çıxışı təmin edir. Bildiyim qədəri ilə müvafiq dövlət qurumları artıq bu istiqamətdə işlərə başlayıblar.

İMİC şirkətinin “Qazan” adlı yeni layihəsi məhz startaplarla bağlıdır-bu layihə haqqında daha ətraflı məlumat almaq maraqlı olardı.

Demoqrafik tendesiya, texnoloji inkişaf, innovasiya artımı və qloballaşma kimi amillər beynəlxalq iqtisadiyyat dəyişikliyə səbəb olur. Bu amillər onu göstərir ki, ölkə iqtisadiyyatında böyük rolu olan kiçik və orta sahibkarlıq bu amillərə uyğun olaraq mütəmadi olaraq inkişaf etməlidir.

Qazan – IMIC şirkəti tərəfindən təsis olunmuş innovativ layihələr üçün biznes inkubatorudur. Bizim məqsədimiz ideya və ya gənc sahibkarların öz istəklərinə qısa müddətdə müvəffəq olmaqda və toxum kapitalının əldə edilməsində yardım etməkdir. “Qazan” gənc sahibkarlara qarşıya qoyulan hədəflərə çatmaq üçün inkubasiya, akselerasiya və maliyyələşdirmə həlləri ilə təmin edərək, investisiya qazanmaq şansı yaradır. Qazan layihəsi, startap inkubator, akselerator və digər hibrid modellərin məcmusudur. Startaplar Qazan layihəsi çərçivəsində IMIC ilə birlikdə çalışmaq imkanı əldə edəcəklər.

Bizim əsas məqsədimiz “Qazan”-a müraciət edən ideya və ya biznes planların uğurlu və dinamik inkişaf edən şirkətlər kimi formalaşmasıdır.

- QAZAN biznes-inkubatorundan nələr gözlənilməlidir?

- Qazan Azərbaycanda biznes sektorunun inkişafına, xarici kapitalın cəlb edilməsinə, yeni iş yerlərinin açılmasına və problemlərə yeni həll yollarının tapılmasına müsbət təsir göstərəcəkdir. İMİC və seçilmiş layihə sahibləri arasında əməkdaşlıq və qarşılıqlı əlaqə şərtlərini əks etdirən müqavilələr işlənib hazırlanacaq. Bu müqavilələrə məxfilik, müəllif hüquqları qorunması barədə razılaşma və digər rəsmi sənədlər aiddir. Qeyd olunan sənədlər onu təsdiqləyir ki, layihə barədə məlumat layihə əvvəli və ya sonunda hərhansı üçüncü şəxslərə verilməyəcəkdir. Müqavilələr imzalandıqdan sonra QAZAN layihəsinin “sürətləndirmə” mərhələsindən yararlana bilərsiniz. Layihənin bu mərhələsində sizə startaplarınız üçün insan və maliyyə resurslarını əldə etmək, potensial müştəriləri daha yaxşı anlamaq, qarşınıza çıxan çətinlikləri həll etmək, effektiv biznes planların hazırlanması və biznesin idarə edilməsində digər vacib məqamlar üçün imkanlar yaradılacaq. Seçilmiş bütün layihələrə maliyyə dəstəyini İMİC şirkəti göstərəcək.

QAZAN layihəsində hər kəs iştirak edə bilər- tam ətraflı məlumat üçün aşağıdaki linkdən istifadə edə bilərsiniz

https://youtu.be/PZO_Y5Dox-U 

Layihə sizin qarşınıza çıxacaq çətinlikləri həll etmək üçün öz təcrübəsindən, statistik məlumatlardan və əlaqələrindən effektiv şəkildə istifadə edərək, komandamızın tam dəstəyi ilə funksional bir şirkət yaratmaqda faydalı olacaq. Ofis sahəsi ilə birlikdə layihəmiz ideya və ya gənc sahibkarların gələcək fəaliyyəti üçün biznes konsultasiya, effektiv biznes planların hazırlanması, biznes əlaqələrin yaradılması, məhsul və xidmətlərin inkişafı məsələlərində dəstək göstərəcəktir. QAZAN və idea sahibləri arasında sıx əməkdaşlıq quraraq qarşıya qoyulan hədəflərə çatmaq üçün innovativ həllərdən istifadə etməyə hədəfləyir. Əlavə olaraq startap müəllifləri və QAZAN arasında sıx əlaqə yaranacaqdır. Hətta, startapların biznes-inkubatoru tərk etdikdən sonra da, yaranmış əlaqələr və münasibətlər uzun bir vaxt qorunacaqdır. Gənc sahibkarlar bir-birlərinə dəstək ola bilərlər, əməkdaşlar isə yaranmış problemlərin həlləri ilə bağlı ideyalarını bölüşə bilərlər. Həmçinin startap müəllifləri yeni məhsulların yaranmasıyla bağlı birgə marketinq kampaniyalarını planlaya bilərlər. Bütün bunlar bizim bir digər layihəmiz olan Sabah Residence-də coworking sahəsinin yaradılmasıyla mümkün olacaq.

Bir digər vacib məqama aydınlıq gətirin- nəyə görə QAZAN Azərbaycana sadəcə iqtisadi yox, həmdə sosial cəhətdəndə əlverişlidir? Və layihənin gələcəyini necə görürsünüz?

“Qazan” layihəsinin əsas məqsədlərindən biri də, Azərbaycanda biznes mühitinin inkişaf edilməsidir. Hərkəsə məlumdur ki, kiçik sahibkarlar effektiv şəkildə böyümək və inkişaf etmək üçün lazımi resurslara malik deyillər. Qazan kimi biznes-inkubatorlar biznesin inkişafında böyük rol oynayırlar. Sahibkarlıqların inkişafı- əhalinin iqtisadi inkişafı üçün ən vacib amillərdən biridir. Bəzən kiçik bir ideya, uğurlu böyük bir şirkətə çevrilərək, ideya müəllifinin gələcəyini dəyişə bilər. Buna görə də, əgər sizin ideyanız varsa, qorxuların xəyallarınızın qabağına keçməsinə icazə verməyin. Nə qədər qəribə səslənsə də, məhz startaplar dünyanı tamamilə dəyişə bilər və gələcəkdə startap sayının daha da artması gözlənilir. Həmçinin, Qazan layihəsinin planlarına ən maraqlı və uğurlu layihələrin də beynəlxalq səviyyəyə çatdırılması və Azərbaycan iqtisadiyyatına lazımi investisiya dəstəyinin göstərilməsi daxildir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264