BİZNES

Azərbaycanda işsizlər üçün biznes imkanı – BİZNES PLAN YIĞILIR
02 NOYABR
634

Azərbaycanda işsizlər üçün biznes imkanı – BİZNES PLAN YIĞILIR

2016-11-02 11:35:00

Azərbaycanda iş axtaran və işsiz vətəndaşlardan biznes planların toplanmasına başlayıb. Bu həmin şəxslər üçün özünü məşğulluq proqramı çərçivəsində onlara dəstək verilməsi məqsədilə həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı üzrə işaxtaran və işsiz vətəndaşların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesinə başlayıb. Biznes planların müəllifləri nazirlik tərəfindən təşkil edilmiş təlimləri keçənlərdir.

Qiymətləndirmə prosesi Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılır. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli iştirak ediblər.

Qeyd edək ki, əhalinin özünüməşğulluğu ilə bağlı işlər prezident İlham Əliyevin müvafiq sərəncamına uybun olaraq aparılır. Bu proqramda iştirak etmək üçün müraciət edən vətəndaşlara iki aylıq təlim keçilib. İndiyədək artıq 52 rayon və şəhər üzrə 71 qrup üzrə 997 nəfər şəxs bu kurslara cəlb olunub. Təlim kursu müddətində iştirakçılar öz seçdikləri sahələrdə çalışmaq üçün biznes-plan hazırlamalıdırlar.

Bildirilib ki, təlim kurslarına cəlb olunmuş vətəndaşlardan 271 nəfəri artıq təlim kurslarını başa vurublar. İki gün davam edəcək bu ilk qiymətləndirmədə də kursları yekunlaşdırmış həmin 271 nəfərdən 8 rayona (Ağcabədi, Bərdə, Beyləqan, Laçın, Hacıqabul, Salyan, Tərtər, Xocavənd) aid 12 qrup üzrə 153 nəfər öz biznes-planlarını müdafiə edəcək. Hazırlanmış biznes-planların 84,4 faizi kənd təsərrüfatı, 9,1 faizi xidmət, qalanları isə digər fəaliyyət sahələrini əhatə edir. Biznes-planların 3 meyar - biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında qiymətləndirilməsi nəzərdə tutulub.  

Biznes-planları müsbət qiymətəndirilən şəxslərə mal və materiallar formasında dəstək veriləcək ki, onlar öz bizneslərinə başlayacaq.

Ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də onların özünüməşğulluq fəaliyyəti mütəmadi monitorinqlər vasitəsilə izlənəcək. Onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün müvafiq məsləhətlər, tövsiyələr veriləcək.

   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272