BİRJA

ABŞ-da neft hasilatı rekord səviyyəyə yaxın qalıb
25 SENTYABR
180

ABŞ-da neft hasilatı rekord səviyyəyə yaxın qalıb

2017-09-25 10:46:00

ABŞ-da aktiv neft quyularının sayı 16-22 sentyabr həftəsində 5 ədəd və ya 0,67% azalaraq 744 ədəd təşkil edib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə hesabat həftəsi ərzində 1 ədəd və yaxud 0,11% azalaraq 935 ədədə geriləyib. Qeyd edək ki, aktiv neft quyularının sayı ötən həftə 7 ədəd və ya 0,93% azalma göstərib. Xatırladaq ki, aktiv neft quyularının sayındakı azalma 6-cı ardıcıl həftədir davam edir.

Fins.az xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 13 həftə ərzində səkkiz dəfə azalma, bir dəfə sabitlik, dörd dəfə isə artım nümayiş etdirib.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 326 və yaxud 78%, qaz quyularının sayı isə 98 ədəd və ya 106,5%, ümumilikdə isə neft-qaz quyularının sayı 430 ədəd və yaxud 83% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,35 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,76% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək". Hazırda aktiv quyuyların sayında müşahidə olunan azalmanın səbəbi kimi qasırğalar göstərilir. Qısa müddət ərzində aktiv quyuların sayında kəskin artım müşahidə oluna bilər.

Qeyd edək ki, cari ilin avqust ayının 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda aktiv quyuların sayı bu səviyyədən 24 ədəd və ya 3,1% aşağıdır. Aktiv neft quyularının sayında azalma olmasına baxmayaraq ABŞ-da neft hasilatı 2017-ci ilin rekord səviyyəsi olan 9,53 mln. barel/günə yaxındır. Hazırda ABŞ-da gündə 9,51 mln. barel neft hasil edilir. Qeyd edək ki, ABŞ-da rekord neft hasilatı 9,61 mln. barel/gün təşkil edir. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297