BANK

Banklar hər 100 manatın cəmi 41 manatını kreditləşməyə yönəldir
03 İYUN
743

Banklar hər 100 manatın cəmi 41 manatını kreditləşməyə yönəldir

2018-06-03 23:36:00

Fins.az iqtisadçı ekspert Samir Əliyevin Bakı Araşdırmalar İnstitutu üçün apardığı araşdırmanı təqdim edir.

2015-ci ildə baş vermiş devalvasiya təkcə bank sektoruna yox, sahibkarlıq subyektlərinə də bir sıra problemlər yaratdı. Manatın iki dəfədən çox dəyər itirməsi bir tərəfdən xarici valyuta ilə kredit götürmüş sahibkarları borca saldı, digər tərəfdən də onların kredit götürmək imkanlarını məhdudlaşdırdı. Maliyyə resursu sahibkarlığın inkişafı üçün çox vacibdir.  Bu vəsait sahibkara imkan verir ki, fəaliyyətini genişləndirsin, yeni iş yerləri açsın, yeni texnologiyalara yiyələnsin, istehsal vasitələrini dövri olaraq yeniləsin. Bütün bunları edə bilmədikdə bazarda təklif yaradan iştirakçıların sayı azalır və rəqabət mühiti pozulur.

Azərbaycanda sahibkarların pul resurslarına ən əlçatan mənbəyi bank kreditləridir. Ölkədə kapital bazarı zəif inkişaf etdiyindən sahibkarlar pul resursunu əsasən bank sektorundan cəlb edirlər. Ancaq devalvasiyanın bank sektorunu çətin vəziyyətə salması biznesin yeganə maliyyə mənbəyinə çıxışını da məhdudlaşdırıb. Səbəb bankların kredit şərtlərini sərtləşdirməsi, riskli kredit qoyuluşunda maraqlı olmaması, sahibkarların kredit tarixçələrinin pisləşməsidir. Devalvasiyadan sonra sahibkarların kreditə çıxışının pisləşməsini Mərkəzi Bankın rəsmi rəqəmləri da təsdiq edir. Rəsmi məlumata görə, 2015-ci ildə özünün pik həddinə çatan ümumi kredit qoyuluşu[i] sonra üzü aşağı getməyə başlayıb və 2018-ci ilin mart ayının sonuna 46,3% azalaraq 21,7 milyard manatdan 11,7 milyard manata düşüb. 

Azalma kreditləşmənin bütün sahələrində, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin üstünlük təşkil etdiyi sahələrdə də (ticarət və xidmət, kənd təsərrüfatı və emal, nəqliyyat və rabitə, inşaat və əmlak) baş verib. Konkret desək, 2015-ci ildən 2018-ci ilin I rübünə qədərki dövr ərzində ticarət və xidmət sektorunun kreditləşməsi 35,8%, nəqliyyat və rabitə üzrə kreditləşmə 32,7%, sənaye və istehsal üzrə 66,7%, inşaat və əmlak üzrə 82,7%, kənd təsərrüfatı üzrə kreditləşmə 11,8% azalıb. Kənd təsərrüfatı sektorunda azalmanın nisbətən aşağı olmasına səbəb Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun timsalında dövlət institutları tərəfindən güzəştli maliyyələşmə dəstəyinin davam etdirilməsidir 

Bankların balansının təhlili göstərir ki, devalvasiya nəticəsində aktivlərin pisləşməsi bankları 2012-2014-cü illərdə həyata keçirdikləri aktiv kreditləşmə siyasətindən əl çəkməyə, vəsaitləri az gəlirli, az riskli sahələrə yönəltməyə vadar edib. 2012-2014-cü illərdə banklar aktivlərinin 70%-dən çoxunu kreditləşməyə yönəldirdisə, hazırda bu rəqəm kəskin azalaraq 2018-ci ilin I rübü üçün 41%-ə düşüb. Yəni banklar hazırda əlindəki hər 100 manatın cəmi 41 manatını kreditləşməyə yönəldir. Bu vəsaitin təxminən 40%-ni (təxminən 16 manat) istehlak kreditlərinin təşkil etdiyini nəzərə alsaq, görərik ki, bank aktivlərinin hər 100 manatının cəmi 25 manatı sahibkarlığa yönəldililir.

2013-2015-ci illərdə maliyyə sektoruna verilmiş depozitlərin ayrıca statistikası aparılmadığından bura maliyyə sektoruna verilmiş kreditlər də daxildir

 

Bəs banklar kreditə vermədikləri vəsaitləri hara yönəldirlər? Axı bank öhdəliklərinin təxminən 75%-i depozitlər hesabına formalaşır və banklar qazandıqları vəsaitin bir hissəsini depozit sahiblərinə faiz şəklində ödəməlidir?

Görünən odur ki, banklarımız hazırda iqtisadiyyatı pulla təmin etmək kimi vacib öhdəliyini yerinə yetirmək əvəzinə passiv qazanc əldə etmək siyasəti yürüdür. Bunu təkcə kredit ala bilməyən sahibkarlar yox, rəsmi rəqəmlər də deyir. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi məlumatlarına görə, banklar sərəncamlarındakı pullarıın bir hissəsini alternativ olaraq qiymətli kağızlara və Mərkəzi Bankın tənzimləyici bazar alətlərinə yatırır. 2016-cı ildə banklar aktivlərinin 1,3%-ni qiymətli kağızlara yönəldirdisə, 2018-ci ilin I rübünə bu göstərici əhəmiyyətli dərəcədə artaraq 8,3%-ə yüksəlib. Kiçik və orta sahibkarlarla yanaşı iri sahibkarların da kapital bazarında iştirakı və qiymətli kağız (səhm, istiqraz) buraxmaq imkanları faktiki məhdud olduğundan banklar vəsaitlərini əsasən Mərkəzi Bankın qısamüddətli notlarına yatırmaqla kifayətlənir. Məsələn, 2018-ci ilin 5 ayı ərzində Mərkəzi Bank Bakı Fond Birjasında24 dəfə qısamüddətli (28 günlük) not yerləşdirib. Notların illik faiz dərəcəsi əvvəlcə 14% olsa da, sonra bu rəqəm 8,01%-ə endirilib. Yerləşdirmə prosesində bankların tələbi təklifi ən azı 2 dəfə üstələyib, bəzi hallarda fərq 5 dəfəyədək artıb. Notlar vasitəsilə banklar bu il 43 milyon manatdan çox gəlir əldə edib. Bu, bankların passiv qazanc götürmə üsullarından biridir.

Digər passiv qazanc mənbəyi Mərkəzi Bankın hər həftə təşkil etdiyi depozit hərracıdır. Cari ilin yanvar-may aylarında depozit hərraclarının sayı 24-ə çatıb və hərracda tələb təklifi 3-4 dəfə üstələyib. 14 günlük depozit cəlbini nəzərdə tutan hərrac vasitəsilə banklar təxminən 23 milyon manatdan çox gəlir əldə edib. Ümumilikdə isə banklar Mərkəzi Bankın qısamüddətli notlarını almaqla və depozit hərracında iştirak etməklə bu ilin ilk 5 ayı ərzində 66 milyon manatdan çox qazanc götürüb. Bu qazancı əldə etmək üçün onlar əllərindəki vəsaitləri illik 8,01%-lə Mərkəzi Banka “ölü kapital” kimi yatırıb. Halbuki sahibkarlar kredit üçün banklara müraciət etdikdə onlara təklif olunan kreditin illik faiz dərəcəsi Mərkəzi Bankın təklif etdiyi faiz dərəcəsindən 2-3 dəfə çox olur. Real sektorda riskin yüksək olması, problemli kreditlərin artması, etibarlı müştərilərin qıtlığı bankları maliyyəni buna daha çox ehtiyac duyan real sektora yox, Mərkəzi Bankın pul kütləsini tənzimləmək üçün təşkil etdiyi açıq bazar və depozit əməliyyatlarına yönəltməyə vadar edir.

Banklar faktiki olaraq aktivlərinin təxminən ¼-ni depozit şəklində digər maliyyə institutlarına, o cümlədən banklara yerləşdirir. Halbuki devalvasiyaya qədər bu göstərici 4% ətrafında olub. 

Bu gün sahibkarların əlverişli kreditə çıxış mənbəyindən biri də dövlət institutları tərəfindən verilən güzəştli kredit xəttidir. Əsas mənbə olan Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinə, xüsusən də kənd təsərrüfatı məhsullarının istehsalı üçün hər il 150-250 milyon manat həcmində güzəştli kredit ayrılır. Digər dövlət qurumları olan Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Xidmətinin və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ayırdıqları kreditlər bir neçə milyon manatdan çox deyil. Ümumilikdə dövlət xətti ilə ayrılan vəsaitlər biznesin tələbatının cüzi hissəsini təmin edir. Deməli, əsas güc bankların üzərinə düşür. Ötən il maliyyə sahəsində risklərin bölüşdürülməsinə və sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılmasına imkan verən Kredit Zəmanət Fondu yaradılsa da, Fond hələ də işini tam qura bilməyib.

Pul təkcə dükandan mal alan, restoranda hesab ödəyən istehlakçıya yox, həmin ticarət və ictimai iaşə obyektlərini quran, işlədənistehsalçıya da lazım olur. İstehsalçı istehlakı təmin etmək üçün pul tapa bilmirsə, bazarda məhsul və xidmət qıtlığı yaranır, bu halda istehlakçının da pula ehtiyacı artırOdur ki, rəqabətə tab gətirə bilsin deyə sahibkarlıq subyektinin istehsal, satış və xidmət üçün ehtiyacı olan pul resursunu borc şəklində əldə etmək imkanı olmalıdır.

  2015-ci ildə kredit qoyuluşunun kəskin artmasının əsas səbəbi devalvasiya nəticəsində xarici valyutada olan kreditlərin manat ifadəsində iki dəfədən çox artmasıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255