AVTO

Avtomobil alanlar aldanmamaq üçün nələri bilməlidir? – MƏSLƏHƏT
04 AVQUST
935

Avtomobil alanlar aldanmamaq üçün nələri bilməlidir? – MƏSLƏHƏT

2017-08-04 15:02:00

Xaricdən avtomobil sifariş edən vətəndaşlar bəzi hallarda aldadılma halları ilə qarşılaşırlar. Fins.az-ın araşdırmasına görə, bəzi hallarda avtomobil alverçiləri müştəriyə avtomobilin şəklini göstərir, amma əvəzində fərqli avtomobili təhvil verirlər. Və yaxud istismara yararsız avtomobili ucuz qiymətə alıb, Türkiyə və Gürcüstanda təmir etməklə yerli alıcıya satırlar. Müştəri aldadıldığını başa düşəndə isə artıq iş-işdən keçir. Ya həmin alverçini tapa bilmir, tapsa belə pulunu geri almaqda çətinlik çəkir və problem yaşayır.

Vurulmuş, rənglənmiş və yürüşü geri çəkilən maşınlarla müştəri aldadılır

Avtomobil ekspertləri də xaricdən sifarişlərlə bağlı belə halların yaşandığını bildirirlər. Avtomobil eksperti Rəşad Quliyev Fins.az-a bildirib ki, xaricdən, xüsusilə də Almaniya və digər Avropa ölkələrindən gətirilən avtomobillərlə bağlı əsas aldadılma halları vurulmuş, rənglənmiş avtomobillər və yürüşün geri çəkilməsi ilə bağlıdır: “Məsələn, Almaniyadan 1998-ci il model “Opel Astra” sifariş edən bir müştərini aldatmışdılar. İşbaz arxası vurulmuş avtomobili ucuz qiymətə alaraq Gürcüstana gətirib. Maşının arxa hissəsi orada kəsilərək başqa avtomobilin hissəsi ilə əvəzlənmişdi”. R.Quliyev bildirib ki, bu tipli qaynaq işləri Gürcüstanda professional qaydada həyata keçirildiyi üçün alıcı bunu hiss edə bilmir.

Və yaxud avtomobil heç bir təhcizatı olmadan ucuz qiymətə alınır. Dəri oturacaqlardan tutmuş, bütün elektron sistemə kimi Türkiyədə yığılıb Azərbaycana gətirilir.

Aldanmamaq üçün mütləq şassi nömrəsi tələb edilməlidir”

Ekspert hesab edir ki, avtomobil alıcıları aldadılmamaq üçün əsasən iki amilə diqqət yetirməlidirlər. Onun sözlərinə görə, avtomobil alarkən ən vacib amil onun Şassi nömrəsini tələb etməkdir. Şassi nömrəsi avtomobilin ban nömrəsidir. Avtomobilin modelindən aslı olaraq bu nömrə ön şüşənin aşağısında, ön qapının etiketində, sürücünün oturacağının altında döymə formasında, kapotun altında ön paneldə həm etiket, həm döymə formasında qeyd edilir.

Bu vasitə ilə istehsal ilindən sifarişçi ölkəyə kimi hər bir detalı bilmək olur”

R.Quliyevin sözlərinə görə, şassi nömrəsini internetdə yoxlamaqla avtomobilin təhcizatına aid bütün məlumatları əldə etmək mümkündür. Bura avtomobilin istehsal ilindən tutmuş, hansı məqsədlə hansı ölkə üçün sifariş edilməsi, rəngi, ən kiçik detalları belə daxildir: “Məsələn, alıcı artıq avtomobildəki monitorun birbaşa zavod yığımı olduğunu və yaxud 8 kilometr bazarından alındığını müəyyən edə bilər”.

Satış tarixini istehsal ili kimi göstərirlər”

Ekspertin sözlərinə görə, bəzi hallarda işbazlar avtomobilin istehsal ilə də bağlı alıcılara yanlış məlumat verirlər. Belə ki, avtomobilin satıldığı tarixi müştərilərə istehsal ili kimi göstərirlər. Amma bu belə deyil. Çünki avtomobil istehsal edilikdən sonra ola bilər ki, bir neçə il zavodda saxlanılsın. Bunu da müəyyən etmək üçün ən yaxşı üsul şassi nömrəsini yoxlamaqdır. Belə ki, burada avtomobilin həm istehsal ili, həm də satış tarixi qeyd edilir.

Taksiləri təzə maşın adı ilə satırlar”

Bundan əlavə avtomobilin taksi kimi istifadə edilib-edilmədiyini bilmək mümkündür. R.Quliyev bildirib ki, bəzi hallarda yürüş məsafəsi çox olan Almaniyada taksi kimi istifadə edilən “Mercedes C”, “Mercedes E”, “Vito” və “Viano” avtomobilləri də yürüşü geri çəkilməklə müştərilərə yeni avtomobil kimi təqdim edilir. Məsələn, avtomobilin yürüş məsafəsi 300-350 min km-dırsa, alverçi Azərbaycana gətirilərkən avtomobillərin yürüşü 200 min kilometr və yaxud daha aşağı çəkir.

Sifariş etdiyiniz maşının taksi olub-olmadığını müəyyən etməyin yolu

Ekspert bildirib ki, əvvəllər əsasən taksi üçün zavodlara sarı rəngli avtomobillər sifariş edilirdi. Amma istismar müddəti artıqdan sonra belə avtomobilləri Qafqaz və Orta Asiya ölkələrinə satmaq ucuz başa gəlirdi. Bunu nəzərə alaraq Almaniyada taksi üçün ağ və qara rəngli avtomobillər sifariş edilməyə başladı. Hazırda taksi kimi istifadə edilən belə rəngli avtomobillərə sadəcə sarı rəngli vinil vurulur ki, bu izi də cilalama ilə asanlıqla itirmək olur. Bununla belə taksi kimi istifadə edilib Azərbaycana gətirilən avtomobillərin banlarında taksi işarəsi böyük olduğu üçün izlər qalır. Bundan yanaşı, alıcı yenə şassi nömrəsi ilə avtomobilin taksi olub-olmadığı müəyyən edə bilər.

Yürüşün geri çəkildiyini belə müəyyən etmək olar

R. Quliyev bildirib ki, əsas aldadılma hallarından da biri avtomobilin yürüşünün geri çəkilməsi ilə bağlıdır. Bunu da alıcı şassi nömrəsini avtomobilin yerli rəsmi dilerinə təqdim etməklə müəyyən edə bilər.

Elektron əlavələr sifariş edərkən diqqətli olmaq lazımdır

Ekspert bundan əlavə, avtomobilə əlavə elektron avadanlıqlar sifariş edərkən ehtiyahlı olmağa çağırıb. Onun sözlərinə görə, avtomobil zavodlarının elektron sistemə əlavə və dəyişiklər edilməsi üçün məsləhət gördüyü dizayn şirkətləri var. Avtomobilə hər hansı əlavə və ya dəyişiklik zamanı işin zavodun məsləhət gördüyü şirkət tərəfindən həyata keçirilməsinə diqqət yetirmək lazımdır. Bəzi hallarda işin ucuz başa gəlməsi üçün avtomobil alverçiləri onu daha aşağı xidmət təklif edən şirkətə həvalə edirlər. Bu isə sonradan elektron sistemin yanması ilə nəticələnə bilər. Avtomobilə qanunsuz müdaxilə isə onun zəmanətdən çıxması ilə nəticələnə bilər: “Belə bir halla qarşılaşmışam. Düzgün quraşdırılmama nəticəsində avtomobilə qoyulan televizor yanmışdı”.

Orjinal qoyulmayan  lyuklar 2 il sonra damır”

Daha bir məsləhət isə avtomobilə qoyulan lyukla bağlıdır. R.Quliyev bildirib ki, sonradan lyuk qoyulan avtomobillərdə əksər hallarda iki ildən sonra damır. Alıcılar belə halla qarşılaşmaq istəmirsə, şassi nömrəsi vasitəsilə sifariş etdiyi avtomobilin zavod qaydasında lyukunun olub olmadığına diqqət yetirməlidir.

Avtomobil sifariş edərkən alqı-satqı müqaviləsi olmalıdır

Eksperin sözlərinə görə, avtomobilin vuruq olması və yaxud rənglənməsini isə şassi nömrəsi ilə müəyyən etmək mümkün deyil. Ona görə də, xaricdən avtomobil sifariş edərkən, bunu sıradan alverçidən deyil, avtomobil firmaları vasitəsilə etməlidir: ”Hüquqi şəxslər müqavilə ilə işlədiklərinə görə alıcının aldanma şansı yoxdur və gələcəkdə də heç bir problem yaşanmır”.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297