SƏNAYE

Kənd təsərrüfatı ilə bağlı prezident FƏRMAN imzalayıb
20 DEKABR 2018
277

Kənd təsərrüfatı ilə bağlı prezident FƏRMAN imzalayıb

2018-12-20 15:42:00

Prezident İlham Əliyev kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi təşkil edilib, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib. Ötən 14 il ərzində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan gətirib, güzəşt tətbiq edilməklə istehsalçılara lizinqə verib və ya satıb. Hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, yüksək məhsuldarlıq hədəflərinə çatmaq üçün innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, aqrotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb.

 Bu fərmanla kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilir.

Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil edilir.

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək.

Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödəniləcək, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu fərmanla təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürüləcək.

Azərbaycan Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcıllıqla Cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirəcək.

Maliyyə Nazirliyinə kənd təsərrüfatı istehsal vasitələrinə güzəşt tətbiqi ilə bağlı bu fərmanla təsdiq edilmiş Qaydaya uyğun tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb:

- kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərə almaqla, aqrar sahədə güzəşt tətbiq ediləcək texnikalarla bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin;

- beynəlxalq nüfuzlu məsləhətçi şirkət cəlb etməklə, aqrar sahəyə dövlət dəstəyinin konsepsiyasını, kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- bu fərmanın 2-4-cü hissələrinin icrası ilə bağlı aidiyyəti üzrə tədbirlər görsün və görülən işlər, habelə Agentliyin və Cəmiyyətin fəaliyyətinin nəticələri barədə bir il ərzində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında kənd təsərrüfatı texnikası istehsalının, o cümlədən kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verəcək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9271
  • ₽ RUB
    0.0263