SƏNAYE

AÇG-də gələn ilin iş planı dekabrın ortasında müəyyənləşəcək
24 NOYABR 2017
166

AÇG-də gələn ilin iş planı dekabrın ortasında müəyyənləşəcək

2017-11-24 14:02:00

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun gələn il üzrə iş planının və büdcəsinin Hasilatın Pay Bölgüsü sazişi üzrə rəhbər heyətin (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) dekabr ayının ortasında keçiriləcək iclasında müzakirəsi və təsdiqi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

B.Aslanbəyli həmçinin qeyd edib ki, bu ilin sonuna AÇG-dən neft hasilatının sabit səviyyədə qalacağı gözlənilir: “Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, AÇG blokundan hasilatın həcmi gündə orta hesabla 585 min barel təşkil edib. Hər hansı fors-major vəziyyət olmasa, gözləntimiz hasilatın sabit qalmasıdır”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində AÇG blokundan hasilatın həcmi gündə orta hesabla 585 min barel və ya ümumilikdə təqribən 160 mln. barel, yəni 22 mln. ton təşkil edib.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

Bu il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301