ANALİTİKA

OPEC üzvləri gündəlik hasilatın həcmini 600 min barel artırmaq gücündədir - ANALİTİKA
23 İYUN
622

OPEC üzvləri gündəlik hasilatın həcmini 600 min barel artırmaq gücündədir - ANALİTİKA

2018-06-23 14:27:00

Vyanada (Avstriya) Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 174-cü iclası keçirilib. İclasdan öncə ənənəvi olaraq texniki qrupun toplantısı baş tutub.

Toplantıda İranın etirazlarına baxmayaraq, gündəlik neft istehsalının həcminin 1 mln. barel artırılmasına qərar verilib. Artım təklifinin həcminə görə Rusiya öndə getsə də (1,5 mln. barel), yekun qərarın qəbulunda ən çox israr edən Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih olub. Qərara etiraz edən İranın neft naziri Bican Namidar Zangeneh iclası tərk edib. Digər aparıcı neft hasilatçısı olan Venesuela isə artım məsələsində bitərəf qalıb.

"Report"un analitik qrupu bildirir ki, hasilatın həcminin artırılmasını ABŞ, daha dəqiq desək, Prezident Donald Trampın administrasiyası dəstəkləyir. Rəsmi Vaşinqton dünya bazarında neftin 1 barelinin qiymətinin 50 dollara düşməsinə maraqlı olduğunu gizlətmir. Əgər OPEC-in iclasında Venesuela, İraq və Əlcəzair də İrana qoşularaq artım təklifinə veto qoysalar, hasilatın həcmi əvvəlki səviyyədə qalacaq. Əgər veto qoyan təkcə İran olsa, hasilatın həcminin artırılmasına qərar veriləcək. Müşahidələr isə göstərir ki, adətən, texniki qrupun qərarı əsas iclasda da qəbul edilir.

Bununla belə, OPEC-ə üzv ölkələrin 1 mln. barellik artıma hazır deyilr. İddialara görə, kartel üzvlərinin artım potensialı maksimum 600 min bareldir. Bunu isə, əsasən, Rusiya, Səudiyyə Ərəbistanı və Küveyt təmin edəcək. Venesuelanın isə hasilatın həcmini artırmaq imkanı yoxdur.

Texniki qrupun qərarı açıqlandıqdan sonra əmtəə birjalarında neftin qiyməti, təxminən, 1 ABŞ dolları/barel artaraq 74 dollar/bareli keçib. Yaxın saatlarda açıqlanacaq xəbərlərdən asılı olaraq qiymətin 80 dollara yaxınlaşması və yaxud 70 dollara düşməsi istisna deyil. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254