SOSİUM

23 Aprel

Ekspert: “Yollarda inşa edilən çıxıntılar həm də piyada təhlükəsizliyi üçündür”


Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda bir sıra küçələrin optimallaşdırılması həyata keçirilir. Bu zaman yollarda yeni çıxıntılar inşa edilir ki, həmin çıxıntılar vasitəsilə yolun parklanma hissəsi hərəkət hissəsindən ayrılır.
 
Tətbiq edilən bu yeni yanaşma barədə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bildirib ki, sözügedən çıxıntılar nəticəsində yol hərəkəti nizamlı şəkildə təşkil olunur:
 
"Əvvəllər küçələrdə hərəkət hissəsinin kənarında avtomobillər park edilirdi. Bu zaman yol iki hissəyə bölünürdü və nəticədə hərəkət xoatik şəkil alırdı. Əgər küçələrdə parklanmaya icazə verilibsə, həmin parklanma hissəsi ümumi hərəkət hissəsindən ayrılmalıdır. Parklanma üçün olan ərazi hissələrə bölünməli və çıxıntılar vasitəsilə hərəkət hissəsindən fərqlənməlidir. Sürücülər də dərhal bilməlidir ki, yolun hansı hissəsi hərəkət üçün, hansı hissəsi isə parklanma üçündür. Əvvəllər avtomobillər yol kənarında heç bir ayrıca ərazi olmadan, xaotik şəkilə parklanırdı. Ona görə də yolun hərəkət hissəsinin eni hər dəfə müxtəlif ölçülərdə olurdu. Yolun hər iki tərəfində avtomobil dayananda isə ümumiyyətlə yol bağlanırdı”.
 
Ekspert bildirib ki, çıxıntılar eyni zamanda piyadalar üçün də mühüm əhəmiyyət kəsb edir:
 
"Çıxıntlarla təchiz edilmiş yollarda sürücülər piyadaları daha yaxşı görürlər və bu da təhlükəsizliyi təmin edir. Digər tərəfdən bu çıxıntılar vasitəsilə avtomobillər artıq piyada keçidlərinin üstündə dayana bilmirlər. Bu da müsbət bir haldır. Eyni zamanda bu çıxıntıların yaradılması nəticəsində sürücü piyadanın piyada keçidinə çıxmasını aydın şəkildə görə bilir. Əvvəllər isə park edilmiş avtomobillər piyadanın görünməsinə imkan vermirdi. İndiki halda isə piyada tam təhlükəsiz şəkildə yol kənarına çıxa bilər. Çünki sürücü onu dərhal görür. Beləliklə, bu yeni yanaşma nəticəsində yol hərəkəti bir qədər nizamlanır. Çünki parklanma hissəsi hərəkət hissəsindən tam olaraq ayrılır. Piyada keçidləri isə daha təhlükəsiz olur və sürücülərin piyadaları rahat görməsi təmin edilir”.