SƏNAYE

24 Yanvar

Azərbaycanda həyata keçirilən “enerji keçidi” siyasəti nümunəvi enerji təhlükəsizliyi modelidir

Ölkəmizdə “enerji keçidi” enerji təhlükəsizliyi, enerji müstəqilliyi, enerji təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsi, həmçinin ekoloji təhlükəsizliyin təmini kimi faktorların hər biri nəzərə alınmaqla mərhələli və təmkinlə həyata keçirilən prosesdir. Hazırda enerji böhranından əziyyət çəkən bir çox ölkələrin təcrübəsi onu göstərir ki, Azərbaycanda həyata keçirilən “enerji keçidi” siyasəti nümunəvi enerji təhlükəsizliyi modelidir.

Fins.Az-ın məlumatına görə, Energetika Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda özəl investisiyalar hesabına ölkəmizdə “yaşıl enerji” üzrə yeni güclər yaradılır. “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi ilə yanaşı, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi də reallaşdırılır. Stansiyanın təməlqoyma mərasimi ötən ilin yanvarında baş tutub. Bu layihə üzrə Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri investisiyadır.

2030-cu ilədək bərpaolunan enerji mənbələrinin ölkəmizin ümumi qoyuluş gücündə payının ən az 30 faizə çatdırılması qarşıya hədəf kimi qoyulub. “Yaşıl enerji”dən istifadənin genişləndirilməsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində beş milli prioritet istiqamətdən biri kimi müəyyənləşdirilib. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu istiqamətdə bir çox mühüm tədbir nəzərdə tutulub. Həmçinin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir.

Bununla yanaşı, açıqlamada qeyd edilib ki, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təbii qazla bərabər “yaşıl enerji”nin, xüsusilə Xəzər dənizinin külək enerjisi və “yaşıl hidrogen”in istehsalı və ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması üzrə də əməkdaşlığı əhatə edir. Eyni zamanda, qısa zaman öncə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan isə bu dəhlizin də əsas resurs mənbəyinə çevriləcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda “enerji keçidi” prioritetləşdirilməklə yanaşı, eyni zamanda, ölkəmiz digər dövlətlərin də bu istiqamətdə təşəbbüslərinə töhfə vermək əzmindədir.

Həmçinin ölkəmiz Türkiyə ilə bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Eyni zamanda, iki ölkə arasında energetika sahəsindəki strateji əməkdaşlığı inkişaf etdirmək və enerji təchizatı təhlükəsizliyini gücləndirmək məqsədilə Enerji Forumu formatında əməkdaşlıq davam edir. Azərbaycan-Türkiyə Enerji Forumunun birincisi 2021-ci il Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin rəhbərliyi ilə Bakıda, ikincisi isə ötən il İstanbulda baş tutub.

Forum çərçivəsində müxtəlif istiqamətlərdə işçi qruplar fəaliyyət göstərir ki, onlardan ikisinin əsas fəaliyyət sahəsi bərpaolunan enerji və enerji səmərəliliyini əhatə edir.