SƏNAYE

16 Sentyabr

Benzinin bahalaşmaması üçün nə etməliyik? - Deputatdan açıqlama

“Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir”.

Fins.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Deputat hesab edir ki, Dövlət Neft Şirkəti 2021-ci ildə Avro-5 standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel emal olunur:

“Avro-5 standartına uyğun benzin istehsalı bir tərəfdən “Aİ 95” və “Aİ 98” markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axınının qarşısının alınmasına səbəb ola bilər.

Bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib. Bu həmin müddətdə idxal olunan benzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artması deməkdir. Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Ruminyadan idxal olunub. Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Ruminyaya isə 18 milyon 180 min dollar ödənilib.

2020-ci ildə isə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində "Aİ-95" benzini idxal edib. Bu əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub”.

Vüqar Bayramov bildirib ki, Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur:

"Yerli istehsalın təşkil edilməsi isə həmin vəsaitin ölkədə qalmasına imkan verə bilər. Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarının qarşısının alınması üçün daha qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır".

Müəllif: Aynur Qəniyeva