SƏNAYE

17 İyul

\"Anglo Asian Mining plc” Azərbaycanda qızıl hasilatını azaldıb

Britaniyanın "Anglo Asian Mining" şirkəti 2020-ci ilin I yarısında 32,501 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 18,6% azdır. Bu barədə şirkətin məlumatında deyilir.

I yarımillikdə şirkət tərəfindən 27,922 min unsiya qızıl (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 18,8%), 1,207 min ton mis (artım 25,3%) və 58,529 min unsiya gümüş (azalma 30,6%) hasil edilib.

“Hesabat dövründə bir unsiyası $1,498 min dəyərində (2019-cu ilin yanvar-iyun aylarında $1,319 min) 27,403 min unsiya qızıl külçə (artım 2,8%) satılıb”, - deyə məlumatda bildirilir.

Cari ilin I yarısında şirkət $4,7 milyon dəyərində (ötən ilin I yarısında $7,49 milyon dəyərində 4,286 min ton) 5,544 min ton mis konsentratı satıb.

Şirkət qeyd edir ki, 2020-ci il üçün Azərbaycanda 75-80 min unsiya qızıl ekvivalenti həcmində qiymətli metal hasilatı üzrə proqnozu dəyişməyib və gəlirlər üzrə proqnozu cari qiymətlərlə $100 milyondan artıq həcmdə saxlayıb. “Gədəbəy” yatağında hasilat üzrə əməliyyatlar davam edir və Bakı ofisi açıqdır.

"COVİD-19 pandemyası Gədəbəydəki fəaliyyətimizə, o cümlədən ikinci rübdə istehsala müəyyən təsir göstərib. Məhdudiyyətlər ona gətirib çıxardı ki, mart ayından etibarən Gədəbəydəki əməkdaşlarımızın rotasiya əsasında olmadan fasiləsiz işləməsi nəticəsində sosial qarşılıqlı fəaliyyət azaldı. Ləvazimatların alınması, avadanlıqlara xidmət və qızılın çatdırılması ilə bağlı məhdudiyyətlər də əlavə səylər tələb edib. Biz problemlərin öhdəsindən gəlsək də, “Gədəbəy” yatağı hələ pandemiyadan əvvəlki dövrdə olduğu kimi səmərəli işləmir", - deyə "Anglo Asian" şirkətinin baş direktoru Reza Vəziri bildirib.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb