SƏNAYE

22 Aprel

Azərbaycanda mədənçıxarma sənayesinə investisiya qoyuluşları artıb - MƏBLƏĞ

2020-ci ilin I rübündə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 22,3% - 1 mlrd. 647,8 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 56,3%-i sənaye sahəsinə yönəldilib.

Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 1 mlrd. 364 mln. manat (artım 25,8%) təşkil edib.

Emal sənayesinə 168,7 mln. manat (artım 73,7%) həcmində investisiya qoyulub.

Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 66,2 mln. manat (azalma 38,2%) məbləğində olub.

Bundan başqa, I rübdə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 316,5 mln. manat (azalma 24,6%), rabitə və informasiya sahəsinə 29,5 mln. manat (azalma 39,7%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 42,7 mln. manat (azalma 36,3%), təhsil sahəsinə 17,7 mln. manat (azalma 66,4%) investisiya qoyuluşu həyata keçirilib.

Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.

2019-cu ildə sənaye sahəsinə investisiya qoyuluşları 8 mlrd. 628,8 mln. manat məbləğində olub ki, bu da 2018-ci ilin göstəricisindən 0,4% azdır.