SƏNAYE

21 Aprel

Caspian European Club-un ilk ümumi onlayn iclası

2020-ci il aprelin 15-də Caspian European Club-un üzv şirkətlərinin top-menecerlərinin 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş ilk ümumi onlayn iclası təşkil olunub. Bu barədə Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

"Caspian European Club-un birinci ümumi onlayn toplantısının bütün iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən biznes subyektlərinin fəaliyyətini dəstəkləyən və stimullaşdıran proqram hazırlamış iqtisadi bloku təmsil edən hökumət üzvlərinin fəal rolunu qeyd ediblər. Həmçinin Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Operativ qərargahın koronavirus pandemiya ilə mübarizə üzrə işi yüksək qiymətləndirilib", - deyə Telman Əliyev söyləyib.

Telman Əliyevin sözlərinə görə, Caspian European Club-un ilk ümumi onlayn iclasında iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlərin top-menecerləri koronavirus COVİD-19 pandemiyası dövründə qarşılaşdıqları problemlərlə bölüşüb, həmçinin onların aradan qaldırılması ilə bağlı öz təkliflərini irəli sürüblər. Bu təkliflərin dövlət qurumlarının nümayəndələrinə çatdırılması prosesinin sürətləndirilməsi çərçivəsində B2G və B2B forumlarının onlayn formatda təşkilini bərpa etmək və dövlət qurumlarının nümayəndələrini iştirak üçün dəvət etmək qərarı qəbul edilib. Həmçinin ONLİNE CEO FORUM seriyasının davam etdirilməsi qərara alınıb. Bu tədbir çərçivəsində şirkətlər öz fəaliyyətləri, məhsul və xidmətləri barədə danışa, eyni zamanda koronavirus COVİD-19 pandemiyası dövründəki cari vəziyyət barədə məlumat verə bilərlər. Toplantıda iqtisadiyyatın müxtəlif sektorlarının nümayəndələri üçün canlı yayım və vebinar formatında ONLİNE BUSİNESS TRAİNİNG-in təşkilinin zəruriliyi vurğulanıb.

Onlayn iclasda əsas diqqət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyriyyəçiliklə bağlı çağırışlarını dəstəkləməyə yönəldilib.

Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri öz xeyriyyəçilik fəaliyyətləri barədə danışıblar. Bu tədbirlər çərçivəsində ehtiyacı olanlara, əhalinin sosial müdafiəsiz həssas təbəqəsinə, həmçinin evlərini tərk etməmələri tövsiyə edilmiş yaşlılara yardım edilir.

Yaxın vaxtda Caspian European Club-un yeni tərkibli idarə heyətinin ilk toplantısı keçiriləcək. İclas çərçivəsində Caspian European Club-un Gürcüstan, Qazaxıstan, eyni zamanda ofis və daimi nümayəndəliklərin olduğu digər ölkələrdəki beynəlxalq onlayn layihələrin müzakirəsi planlaşdırılır.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb.

Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və fəal iştirakdan ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.