SƏNAYE

21 Aprel

“Anglo Asian Mining plc” I rübdə Azərbaycanda qızıl hasilatını azaldıb

Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2020-ci ilin birinci rübündə 18,219 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 10,2% azdır. Bu barədə şirkətin məlumatında deyilir.

Şirkətin məlumatına görə, bu ilin birinci rübündə “Anglo Asian Mining plc” tərəfindən 15,874 min unsiya qızıl (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə azalma 8%), 559 ton mis (artım 9%), 34,645 min unsiya gümüş (azalma 32,5%) hasil olunub.

“Hesabat dövründə 11,236 min unsiya qızıl (azalma 14,8%) dünya bazarlarında satılıb. Bir unsiyanın orta qiyməti $1,577 min təşkil edib”, - məlumatda vurğulanır.

Həmçinin şirkət cari ilin birinci rübündə $2,9 məbləğində 2,018 min ton mis konsentratı satıb.

Şirkət qeyd edir ki, 2020-ci il üçün Azərbaycanda 75-80 min unsiya həcmində qızıl ekvivalentində əlvan metalların hasilatı üzrə proqnozu dəyişməyib və gəlirlər üzrə proqnozu cari qiymətlər zamanı $100 milyondan artıq həcmində saxlayıb. “Gədəbəy” yatağında hasilat üzrə əməliyyatlar davam etdirilir, Bakıda ofis isə açıq qalır”, - məlumatda deyilir.

“Covid-19 ilə bağlı vəziyyətin gələcək inkişafının məlum olmadığına baxmayaraq, şirkətimiz problemlərin öhdəsindən gəlmək və qızılın artan qiymətindən fayda görmək iqtidarındadır”, - məlumatda şirkətin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.

Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.“Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağında qızıl hasilatına başlayıb.