SƏNAYE

11 Aprel

“STAR” NEZ COVİD-19-a görə istehsal güclərini azalda bilər

SOCAR şurkətinin nəzarəti altında olan “STAR” NEZ COVİD-19 koronavirusa görə dizel yanacağına tələbatın 40%-dək azalması zamanı istehsal güclərini 10-15% azalda bilər. Bunu “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın Türkiyədəki törəməsi) baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

“2019-cu ildə zavod tam gücü ilə fəaliyyət göstərməyə başlayıb. Lakin, COVİD-19 layihələrimizə mənfi təsir göstərir. Hava əlaqələrinin dayandırılması səbəbindən aviasiya yanacağına tələbat kəskin azalıb. Mart ayında aviasiya yanacağından dizel istehsalına keçdik. Lakin son ay ərzində dizelə tələbat da 15% azalıb. Sosial izolyasoya davam edəcəyi halda bu azalma davam edəcək. Hesablamalarımıza əsasən, tələbatın 40% azalması zamanı zavodda istehsal güclərini 10-15% azaltmalı olacağıq”, - Qəhrəmanov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.

“Ümid edirik ki, bu baş verməyəcək, lakin müxtəlif ssenarilərə hazırıq”, - o əlavə edib.

Qəhrəmanov qeyd edib ki, zavodda əlavə həcmdə istehsal edilən dizel yanacağı Petkim neft-kimya kompleksinə neft-kimya məhsullarının istehsalı məqsədilə xammal kimi göndərilir.

“Hazırda neft-kimya sahəsində istehsalımız yaxşı gedir. Lakin, istehsal proseslərinə ümumilikdə nəzərə yetirsək, (koronavirusa görə - İF) cari vəziyyət dha 2-3 ay davam edərsə, bu bizi müəyyən addımlar atmağa vadar edəcək. Bəzi neft-kimya məhsullarına tələbatda azalma var. Eyni zamanda, son zamanlar tibb vasitələrinin istehsalçıları üçün neft-kimya xammalına tələbat artıb, bu tələbatı tam ödəyirik və bundan sonra da ödəyəcəyik”, - Qəhrəmanov vurğulayıb.

O, həmçinin qeyd edib ki, şirkət meft-kimya məhsullarının təxminən 50%-ni Avropa ölkələri, əsasən koronavirusdan daha çox zərər görən Almaniya, İtaliya, İspaniyaya göndərib. “Bu səbəbdən biz ixrac marşrutlarını dəyişərək şərq bazarlarına müraciət etmişik. Ümid edirik ki, COVİD-19-dan sonra əvvəlki bazarlara qayıda biləcəyik, lakin bunun üçün yeni imkanlar axtarmalı olacağıq. COVİD-19-dan sonra həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən bu artıq yeni dünya olacaq. 3-4 aydan sonra iqtisadi böhran daha da dərinləşəcək”, - o vurğulayıb.