SƏNAYE

09 Aprel

Sahibkarlar bu sahəyə 872 mln manatdan çox investisiya qoyub

2019-cu ildə Azərbaycanın sənaye parkları və məhəllələrində istehsalın həcmi 1 milyard 6,6 milyon manat təşkil edib.

2018-ci ildə sənaye parklarında istehsalın həcmi 389 milyon manat təşkil edib. Beləliklə, 2019-cu ildə sənaye zonalarında istehsalın həcmi 2,6 dəfə artıb.

İstehsalın ən çox artımı Masallı Sənaye Məhəlləsi (4,6 dəfə), Sumqayıt Kimya Sənaye Parkı (3,5 dəfə) və Mingəçevir Sənaye Parkında (2,9 dəfə) qeydə alınıb.

Qaradağ Sənaye Parkında istehsalın həcmi 15,7% azalıb.

Hazırda ölkənin sənaye zonalarında 83 rezident qeydiyyata alınıb.

Ötən il rezidentlər tərəfindən sənaye zonalarına 872,3 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8% çoxdur.

Bu məbləğin böyük hissəsi – 807,5 milyon manat (artım 12,3%) Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən yatırılıb.

Bundan başqa, 28,4 milyon manat Mingəçevir Sənaye Parkının rezidenti, 14,28 milyon manat isə Pirallahı Sənaye Parkının rezidentləri tərəfindən yatırılıb.

Bütövlükdə, sənaye parklarının rezidentləri nəzərdə tutulan $3,8 milyard məbləğində investisiya qoyuluşundan $3,4 milyardını artıq yatırıblar.

Sənaye məhəllələrinin rezidentləri tərəfindən isə planlaşdırılan 137 milyon manatın 65 milyon manatdan çox hissəsi yatırılıb.

Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və Neftçala, Masallı və Hacıqabul sənaye məhəllələri fəaliyyət göstərir. Sabirabad və Şərur sənaye məhəllələri isə yaradılma mərhələsindədir