İDMAN

07 Mart

UEFA \"Liverpul\"un 20 minə yaxın azarkeşinə təzminat ödəyəcək

UEFA İngiltərənin "Liverpul" klubunun 20 minə yaxın azarkeşinə təzminat ödəyəcək.

Fins.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə İngiltərə "Liverpul"u ilə İspaniya "Real Madrid"i arasında keçirilən Çempionlar Liqasının final oyunundan öncə baş vermiş insidentdir.

Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılmış qarşılaşma təhlükəsizlik problemləri səbəbindən 36 dəqiqə gec başlayıb. Polislər arenaya soxulmaq istəyən Mersisayd təmsilçisinin azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.

UEFA-nın hesabatını araşdıran müstəqil ekspert komissiyası iğtişaşlara görə ilk növbədə qurumun məsuliyyət daşıdığını bildirib.

Beləliklə, stadiona daxil ola bilməyən ümumilikdə 19 618 fanatın bilet üçün ödədiyi məbləğ geri qaytarılacaq. "Daily Mail" nəşrininin iddiasına görə, final oyununa ən ucuz biletlərin qiyməti 70 avro, ən bahalısı isə 690 avro olub. Bundan belə nəticə çıxır ki, UEFA-nın ödənişləri təxminən 3,4 milyon avro təşkil edəcək.

Qeyd edək, "Liverpul" - "Real Madrid" matçı "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

©Report