DÜNYA

08 İyun

TCMB: Son iki ayda 96 ton qızıl satılıb

Dünya Qızıl Şurası aprel ayı üçün rəsmi qızıl ehtiyatı məlumatlarını açıqlayıb. Hesabata görə aprel ayında dünya səviyyəsində mərkəz banklarının qızıl ehtiyatlarında 71 ton azalma yaşanıb. Bu, 2022-ci ilin martından bəri qızıl ehtiyatlarında ilk dəfə azalma oldu.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı aprel ayında 80.8 ton qızıl satıb. Hesabatda bildirilirdi ki, bu satışlar daxili tələbatı ödəmək üçün həyata keçirilib. Martda 15.3 ton qızıl satan TCMB-nin qızıl ehtiyatları 2 ayda 96.1 ton azalıb.

Ümumi qızıl ehtiyatları 491.5 tona qədər azalıb
İlin ilk 2 ayında TCMB ümumilikdə 45.6 ton qızıl alıb. Beləki, ilin ilk 4 ayında ehtiyatlarda 50.5 ton xalis azalma olub. Ümumi qızıl ehtiyatları 491.5 tona qədər azalıb.

Aprel ayında TCMB-dən sonra 13 tonla Qazaxıstan Mərkəzi Bankı, 2 tonla Özbəkistan və 0.6 tonla Qırğızıstan ən çox qızıl satıb.

2022-ci ildə TCMB 147.6 ton alışla dünyanın ən böyük qızıl alıcısı olmuşdu. Ötən il TCMB-ni 62 ton qızıl alışı ilə Çin Mərkəzi Bankı və 47 ton alışla Misir Mərkəzi Bankı izləyib.